Azərbaycanda qiyməti dövlət tərəfindən tənzimlənən məhsulların siyahısında dəyişiklik var.
Azərbaycanda qara və əlvan metalların ixracına görə gömrük rüsumları artırılacaq
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilib.
Sözügedən siyahı hökumətin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmişdi. Yeni qərarla bitum məhsulu siyahıdan çıxarılacaq, yəni bu məhsulun qiyməti bundan sonra dövlət tərəfindən tənzimlənməyəcək. Bu qərar 15 gündən sonra 2024-cü il avqustun 1-dən qüvvəyə minir.
İndiyədək bitumun qiymətini dövlət tənzimləyirdi və Tarif Şurasının hələ 2007-ci ildə qəbul etdiyi qərara əsasən bitumun topdan satış qiyməti növlərinə görə, 1 ton üçün 95-160-250 manat müəyyən edilmişdi.
Belə ki, «Bitum MQO»nin tonu 95 manat, «Bitum BN-60/90, BNB-60/70» tonu 160 manat, «Bitum BNV, rubraks A-30» və «BNB-70/30, BNB-85/25»nin tonu isə 250 manat idi. Yeni qərarın qüvvəyə minməsi ilə bitumun qiyməti dövlət tərəfindən tənzimlənməyəcək və bazardakı vəziyyətə uyğun müəyyən olunacaq.
Azərbaycanda bitumun əsas istehsalçısı Dövlət Neft Şirkəti – SOCAR-dır. Bir neçə il əvvəl ölkədə illik istehsal gücü 400 min ton olan bitum qurğusu işə düşüb. Yeni qərardan sonra bitumun qiymətinin artacağı istisna deyil. Bu artım nəticəsində bitumun xammal kimi istifadə edildiyi sahələrdə d əvə ondan hazırlanan məhsulların qiymətinin də dəyişəcəyi qaçılmazdır.
Xatırladaq ki, bitum müxtəlif sahələrdə istifadə olunan geniş yayılmış və tanınmış mühəndislik və tikinti materialıdır. Bitumdan yolların tikintisində, asfalt-beton istehsalında, dam örtüyü materiallarının istehsalında, binaların, zirzəmilərin, hamamların təməllərinin bitumla hidroizolyasiyası, çatların doldurulması və boru kəmərlərinin çəkilməsi üçün istifadə olunur. Bitum məhsulu boya və kabel sənayesində; tökmə və elektrik sənayesində də istifadə olunur. Eləcə də korroziyadan qorunmaq üçün boru kəmərlərini izolyasiya etmək üçün izolyasiya bitumundan istifadə olunur.