Sumqayıt və Xırdalanda yeni yaşayış kompleksləri tikiləcək.
FED.az xəbər verir ki, bu mövzu Dövlət Ekoloji Ekspertiza Agentliyinin bir neçə gün əvvəl təşkil etdiyi ictimai dinləmədə müzakirə edilib.
Toplantıda bu layihələrin ekologiyaya təsiri müzakirə olunub, tədbirdə tikinti şirkətlərinin təmsilçiləri, həmçinin dövlət qurumlarının nümayəndələri, ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, jurnalistlər və digər maraqlı tərəflər iştirak edib.
Görüşdə Sumqayıt və Xırdalanda həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr müzakirə edilib.
Bunlar:
Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən istismar müddətini başa vurmuş 1 nömrəli, Kimyaçılar yaşayış massivində yerləşən 3 nömrəli və 2-ci mkr. ərazisində yerləşən 13 nömrəli yataqxana binalarının sökülməsi,
“Xalq City” MTK tərəfindən Xırdalan şəhəri Bakı-Sumqayıt şossesinin qərb tərəfində yerləşən torpaq sahəsində 4 mərtəbəli qeyri-yaşayış binasının inşası layihəsi,
“Hünər Sumqayıt-10” MTK tərəfindən Sumqayıt şəhəri, 10 mkr, Babək küçəsi 52 ünvanında olan yaşayış kompleksi ərazisində yeraltı qarajın tikintisi layihəsi
“Şərur” MTK tərəfindən Xırdalan şəhəri ərazisində 2.0687 ha torpaq sahəsində layihələndirilən 7 binadan ibarət çoxmərtəbəli yaşayış kompleksinin tikinti layihəsidir.
İclasda bu layihələr nəticəsində yaşıllıqların götürülməsi və mühafizəsi ilə bağlı müzakirələr aparılıb.