Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi sosial mənzil layihələri çərçivəsində bir neçə yaşayış kompleksində mənzillərin güzəştlə satışı həyata keçiriləcək. Belə ki, Hövsan Yaşayış Kompleksinin birinci və ikinci mərhələləri, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksi üzrə mənzillər güzəştli şərtlərlə satışa çıxarılacaq. Mənzillərin seçimi “Elektron hökumət” portalı üzərindən fəaliyyət göstərən “Güzəştli Mənzil” sistemi vasitəsilə aparılacaq. Belə ki, satış prosesi 9 dekabr 2025-ci il saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il saat 11:00-da başa çatacaq. Bu müddət ərzində güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşlar sistemə daxil olaraq mənzil seçimi edə biləcəklər. Layihələr çərçivəsində inşa edilən yaşayış kompleksləri müasir standartlara cavab verir, sosial infrastruktur obyektləri, istirahət zonaları və abadlıq işləri ilə təmin olunur. Beləliklə bu təşəbbüs vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial rifahın artırılmasına yönəlib.
Təcili: Azərbaycanda aylıq 176 manat ödənişlə mənzillər – satışa çıxarıldı – SİYAHI, ÜNVANLAR
Binəqədidə ucuz mənzillər satışa çıxarıldı – AYLIQ 207 MANATDAN - ŞƏRTLƏR
Lənkəranda ucuz mənzillər satışa çıxarıldı – AYLIQ 266 MANATDAN - ŞƏRTLƏR
Bəs, bu mənzillərin satışa çıxarılması əmlak bazarına necə təsir edəcək?
FED.az xəbər verir ki, əmlak eksperti Ramil Osmanlı deyib ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən satışa çıxarılan mənzillərin daşınmaz əmlak bazarına, xüsusilə də mənzil bazarına ciddi təsiri mümkün deyil.
O qeyd edib ki, bu mənzillərin sayı ümumi mənzil bazarı ilə müqayisədə olduqca azdır və ümumi dövriyyənin hətta bir faizini belə təşkil etmir.
"Buna görə də, onların qiymətlərə və bazar göstəricilərinə əhəmiyyətli təsir göstərməsi real deyil. Bu mənzillərin ən azı üç ildən əvvəl bazar dövriyyəsinə qayıtması mümkün deyil, çünki alıcılar həmin mənzilləri ilkin mərhələdə kreditlə əldə edirlər və kredit öhdəlikləri tam başa çatmadan satış həyata keçirilə bilməz. Yalnız müqavilə şərtləri tam yerinə yetirildikdən sonra bu mənzillər yenidən bazara çıxarıla bilər", - ekspert əlavə edib.
Onun sözlərinə görə, hətta bu mənzillər üç ildən sonra bazara qaytarılsa belə, artıq onlar əvvəlki kimi dövlət güzəştləri ilə deyil, mülkiyyətçilər tərəfindən mövcud bazar şərtlərinə uyğun qiymətlərlə satışa çıxarılacaq.
“Bu səbəbdən hesab edirəm ki, həmin mənzillərin ümumi mənzil bazarına qiymət baxımından hər hansı təsiri gözlənilmir”, – deyə ekspert vurğulayıb.
Əmlak eksperti Elnur Azadov isə bildirib ki, Bakı şəhərinin ümumi daşınmaz əmlak fondu baxımından bu cür satışların baş verməsi və əlavə əmlakın bazara daxil olması əmlak bazarına əhəmiyyətli təsir göstərmir.
“Bu satışlar ümumi bazar dövriyyəsi ilə müqayisədə çox kiçik həcmə malikdir. Üstəlik, böyük tələbat olduğuna görə bu mənzillər bazarda uzun müddət qalmır və qısa zaman ərzində satılır. Bu vəziyyət əsasən Bakı, Abşeron və Gəncə şəhərlərinə aiddir”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, regionlarda bu cür əmlaklara olan tələbat xeyli aşağıdır və nəticə etibarilə satış aktivliyi zəif müşahidə olunur.
“Məsələn, regionlarda əmlak qiymətləri daha ucuz və əlçatan olduğundan, alıcılar, xüsusilə az təminatlı ailələr ipoteka ilə 100 min manat və ya daha yüksək məbləğdə mənzil almaqdansa, kiçik torpaq sahəsi əldə edib uzun müddət ərzində şəxsi vəsaitləri və ya kiçikhəcmli kreditlər hesabına öz evlərini tikirlər. Daha sonra isə mərhələli şəkildə təmir və abadlıq işlərini tamamlayırlar”, – o qeyd edib.
Ekspert əlavə edib ki, bu üsul alıcılar üçün həm daha rahat, həm də daha sərfəlidir. Belə ki, bu yolla onlar iri məbləğli ipoteka kreditlərinin yaratdığı ağır maliyyə yükündən yayınmış olurlar. (Trend)












