Son dövrlər Bakıda kiçik həcmli mənzil tapmaq çətinləşib.
Bakıətrafı ərazilərdə bağ evləri - BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
V.Oruc bunun səbəbi kimi daşınmaz əmlaka yatırım edənlərin əsasən bir otaqlı mənzillərə üstünlük verdiyini qeyd edib:
“Bir otaqlı mənzil alanlar onu iki otaqlıya çevirib yaşayış üçün komfort vəziyyətə gətirir və kirayə bazarına təklif edirlər. Kirayə bazarının əsas müştəriləri tələbələr və yeni qurulmuş ailələrdir. Bu kontingentə böyük sahəyə malik mənzili kirayəyə götürmək sərf eləmir. Ona görə də kiçik sahəli mənzillər əldə edirlər ki, onların yaşayışı üçün uyğun olsun və tələblərinə cavab versin. Bu baxımdan bazarda hazırda bir otaqlı mənzillərin qıtlığını hiss edirik. Bu hal xüsusilə də Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyadakı azərbaycanlı iş adamlarının bir çoxunun öz vəsaitlərini investisiya olaraq Bakıya yönəltməsindən sonra yaşanır. Həmin investisiyalar böyük sahəli mənzillərə yönəldilməyib. Çünki böyük sahəli mənzillərin kirayəyə verilməsi çətindir. Eyni binada bir otaqlı və üç otaqlı mənzillər üzrə müqayisə aparsaq, görərik ki, bir otaqlı mənzillərin kirayəyə verilmə faizi çox otaqlılardan təqribən 50 % çoxdur. Daimi yaşamaq üçün müəyyən yığım imkanlarına malik ailələr böyük həcmli mənzillərə üstünlük verir. Ailə üzvlərinin sayı çox olan ailələr də iri həcmli mənzillərə üz tutur”.
O bildirib ki, bir otaqlı mənzillərin qıtlığı onların qiymətlərinə də təsir göstərir:
“Bir otaqlı mənzilləri adətən yeni tikilmiş binalarda, hələ bina bünövrə səviyyəsində olanda tapmaq uyğun olur. Bina tikilməzdən əvvəl onların ödənişini edib əldə etmək daha məqsədəuyğundur. Bu zaman həmin mənzilin təkcə bir otaqlı olması yox, onun daxilində planlama işlərinin aparılmasının mümkünlüyü də nəzərə alınmalıdır. Çünki bütün bir otaqlı mənzillər bu məqsəd üçün uğurlu deyil. Məsələn, köhnə binalarda 28-33 kvadrat metr həcmdə bir otaqlı mənzillər var. Onlarda yaşamaq o qədər də komfortlu deyil. Amma yeni tikililərin 50-70 kvadrat metr həcmli bir otaqlı mənzillərinin çox asanlıqla iki otaqlıya düzəldilməsi mümkündür. Hazırda Bakıda köhnə binalara nisbətən yeni tikili binalarda bir otaqlı mənzilləri tapmaq daha asandır. Bazarda bir otaqlı mənzillərin satışını az da olsa, hələ də görmək olur. Bir otaqlı mənzillər getdikcə daha da azalacaq. Çünki bunlar iri investisiya layihələri üçün məqsədəuyğundur. Yığım qabiliyyəti olan ailələr, yaxud biznes adamları mənzilləri əldə edərək onların aylıq kirayəsi ilə öz kiçik biznesini qurur".
V.Oruc hesab edir ki, mənzil sahibinin daxili planlama işlərində istənilən dəyişiklik etmək imkanları var: "Bir şərtlə ki, əsas ağırlıq daşıyan sütunlarına əl dəyilməsin. Həmin sütunlara toxunulsa, bu gələcəkdə faciələrə yol aça bilər. Yalnız köməkçi divarların yerinin dəyişilməsi yaxud sökülməsi ilə planlama işlərində dəyişikliklərin edilməsi mümkündür. Bu da təbii ki, tam mülkiyyətçinin öz hüququdur”. (Report)