İnşaat və əmlak

3 otaqlı mənzili 59 min manata aldılar - YENİ QAYDA İLƏ MƏNZİL SATIŞI

3 otaqlı mənzili 59 min manata aldılar - YENİ QAYDA İLƏ MƏNZİL SATIŞI | FED.az
11:09 5 Sen 2019

Azərbaycanda güzəştli mənzillərin yeni qayda ilə satışı başlanılıb.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) FED.az-a verilən məlumata görə, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 6-13 saylı binalarında 12 və 14 iyul 2019-cu il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 253 mənzildən 243-ü vətəndaşların öz vəsaiti hesabına satılıb.

Həmin mənzillərdən 29-u 14 iyul 2019-cu il tarixində “Güzəştli mənzil” sistemi vasitəsilə ilk dəfə olaraq gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib. Bu şəxslərdən 25-i mənzili gözləmə qaydasında birinci sırada, 4-ü isə ikinci sırada seçənlərdir.

Güzəştli şərtlərlə əldə edilmiş 243 mənzildən 43-ü 1 otaqlı, 137-si 2 otaqlı, 63-ü isə 3 otaqlıdır.

Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar Agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlanaraq:

1 otaqlı mənzil üçün 26 933 manat (endirimdən əvvəl bu məbləğ 29 925 manat olmuşdur);

2 otaqlı mənzil üçün 42 887 manat (endirimdən əvvəl bu məbləğ 47 652 manat olmuşdur);

3 otaqlı mənzil üçün 58 875 manat (endirimdən əvvəl bu məbləğ 65 417 manat olmuşdur) ödəniş edib.

Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üstünlük təşkil edir.

Qalan 10 mənzil yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elanda digər mənzillərlə birlikdə yenidən satışa çıxarılacaqdır. Qeyd edək ki, bugünədək Yasamal Yaşayış Kompleksində həyata keçirilən mənzillərin satışlarının nəticəsində ümumilikdə 817 şəxs güzəştli mənzilə sahib olmuşdur.

Digər xəbərlər