Dünyanın ən bahalı ərazilərindən sayılan Monakonun mənzil bazarında yeni rekord qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Monako Statistika İdarəsinin (IMSEE) son illik məlumatlarına görə, 2024-cü ildə Monakoda təkrar satışa çıxarılan əmlakların orta qiyməti kvadrat metrə görə 51 967 avro (56 249 dollar) təşkil edib. Bu, əvvəlki illə müqayisədə 1,1% yüksəkdir və son on ildə 44,3% ümumi artım deməkdir.
Qiymətin belə yüksək olması Monako üçün sensasiya deyil, knyazlığın elə əraziləri var ki, mənzillərin qiyməti bundan da 2 qat artıqdır.
Məsələn ölkənin ən bahalı yeri sayılan Larvotto rayonunda təkrar bazarda satılan mənzillərin orta qiyməti illik müqayisədə 48% artaraq kvadrat metrə görə 97 563 avroya (105 602 dollar) çatıb. Doğrudur. Bu qiymətə cəmi üç alqı-satqı olub.
Jardin Exotique ərazisində də 36% artım qeydə alınıb və lüks komplekslərdəki əməliyyatlar sayəsində orta qiymət rekord həddə çataraq kvadrat metrə görə 49 847 avroya (53 954 dollar) çatıb.
Məşhur Monte-Karloda isə qiymətlər cəmi 2% artaraq 54 min avroya və ya 59 min dollara yaxınlaşıb. Knyazlıqda ən ucuz qiymətlər Moneghetti rayonundadır, kvadratı 42 326 avro və ya 46 min dollar.
Kvadratmetrləni böyük olması satılan evlərin ümumi qiymətinə də təsir edib. Məsələn, 2024-cı ildə Monakodakı yeni tikili mənzillərin orta qiyməti 36,4 milyon avro (39,4 milyon dollar) olub. Səbəbi odur ki, Monakoda satılan evlərin böyük hissəsi üç və ya daha çox yataq otağı olan mənzillərin payına düşüb. Knyazlıqda ötən il 101 əmlak satılıb ki, onların da yarıdan çoxunun qiyməti 20 milyon avrodan baha, 7 əmlakın qiyməti isə 100 milyon avrodan yüksəkdir.
Təkrar bazarda isə orta qiymət 6 milyon avroya (6,5 milyon dollar) yüksəlib ki, bu da bir il əvvəllə müqayisədə təxminən 5% artım deməkdir.
Bu vəziyyətin yaranmasına səbəb torpaqların az olması, ən əsası ultra yüksək sərvətə malik şəxslərin (UHNWI) Monakoya axışaraq davamlı tələbi artırması və lüks yeni tikililərin tikintisidir.










