Rusiya-Ukrayna müharibəsi səbəbilə Rusiya məhsullarına qoyulan qadağa bir qədər əvvəl internet məkanına və onlayn məhsullara da yayılmağa başlayıb.
Eləcə də bax: Apple Rusiya proqramlarının AppStore-dan çıxarılmasını sanksiyalar ilə - İZAH EDİB
FED.az xəbər verir ki, bir neçə gün əvvəl «Apple» şirkəti Rusiyanın «Vkontakte» şəbəkəsi ilə bağlı bəzi məhsulları «Appstore»dən çıxarıb.
«Vkontakte» Azərbaycanda aktiv istifadə olunmasa da, Rusiya istehsalı olan bəzi onlayn məhsullar ölkəmizdə, xüsusilə mühasibatlıq kimi ciddi sahələrdə istifadə edilir. Onlardan biri də 1C mühasibatlıq proqramıdır.
Məlum məsələdir ki, son günlər Rusiyaya qarşı sanksiyalar mütəlif istiqamətlər üzrə tətbiq edilir. Bunların içərisində ayrıca internet proqramları da ayrıca yer tutur. Rusiya domenli elektron poçt istifadəçilərində olduğu kimi, mühasibatlıq proqramının istifadəçiləri də müəyyən risklərlə üz-üzə qalırlar. Rusiya istehsalı olan 1C proqramı mühasibatlıq sistemində xüsusi yer tutur.
Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz FED.az-a açıqlamasında bildirib ki, «1C» proqramı Azərbaycan mühasibatlıq sistemində ən çox işlənən mühasibatlıq proqramlarından biridir: «Düşünürəm ki, Rusiyanın internetində problemlər yaransa və 1C-nin lisenziyaları, proqrama aid digər məsələlər Cloud üzərində olduğundan burada da problemlər qaçılmaz olacaq. Bu baxımdan monitorinqin aparılması və bizim 1C istifadəçilərin tədricən milli proqramlara keçməsi doğru olardı».
Ekspertin fikrincə, bununla bağlı dövlət qurumları, o cümlədən, Maliyyə Nazirliyi, sahibkarlıq rqurumları şirkətləri məlumatlandırmalı və tapşırıqlar verməlidirlər: «Nəzərə almaq lazımdır ki, həmin proqramın üzərində böyük datalar və hesablamalar var. Sabah təbii ki, müəyyən problemlər ola bilər».
Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin sədr müavini, tanınmış ekspert Mehdi Babayev bildirib hazırda 1C Azərbaycanda ən çox istifadə olunan mühasibaatlıq proqramıdır:
«Müəssisələrdə avtomatlaşdırılmış uçot sisteminin qurulmasına ehtiyacı ən yüksək səviyyədə yalnız mühasibat proqramları ilə təmin etmək olar. Belə proqramlardan biri də 1C proqramıdır. Başqa proqramlar da vardır, lakin hazırda ölkəmizdə 1C proqramı ən çox istifadə olunandır. Bu proqram müxtəlif dil versiyalarında, çeşidli modullarda, Azərbaycan bazarına ilk daxil olanlardan olduğuna və daha çox təlim keçəni, təklif edəni, satıcısı olduğuna görə hələlik öndə gedir. Ümumilikdə ölkəmizdə mühasibatlıq sahəsində bu proqramdan istifadə 50%-dən çox göstəricini əhatə edir».
Bu proqrama sanksiya qoyulmasına gəlincə, Mehdi Babayevin fikrincə 1C proqramı demək olar ki, Rusiya malı standartından çıxıb, üstəlik onun böyük hissəsi lisenziyasız istifadə edilir.
Ona görə də bu proqramın «pirat» varianlarının çoxalmasının qarşısını almaq mümkün olmayacaq: «Heç də sirr deyil ki, praktikada istifadə olunan mühasibat proqramlarının 70-80 faizi lisenziyasızdır. Yəni aidiyyəti proqramçılar tərəfindən 1C öz rəsmi müəlliflərindən kənar, xəbərsiz lisenziyalaşdırılmadan müstəqil istismar halına gətirilərək istifadə olunur, müştərilərə satılır. Məlumatlara görə hətta 1C-in ən son versiyaları lisenziyadan kənar təqdim olunması halları da vardır».
Ekspert qeyd edib ki, istisna hal kimi xarici investorlar tərəfindən yaradılmış və ya xarici şirkətlərlə bilavasitə mülki-təsəttüfat münasibətlərdə olan şirkətlərdə ola bilsin ki, 1C-nin tətbiqi olmasın və ya əgər tətbiq olunursa ləğv edilsin: “Bu isə çox az ehtimal olunur. 1C-nin lisenziyalı alqı-satqısı Rusiyaya olan sanksiyalara görə azala bilər. Amma ölkəmizdəki təsərrüfat subyektlərinin əksəriyyəti daxili bazarın iştirakşıları olan mikro, kiçik və orta sahibkarlardır və onların da lisenziyasız 1C-nin tətbiqindən kənarlaşdırılması ağlabatan görsənmir».
Ekspert sanksiyalar səbəbindən bu proqramdan imtinanı real saymır: «Şirkətin mühasibatlıq kabinetinə daxil olub «siz nəyə görə 1C istifadə edirsiz» və ya «1C-dən imtina etməsəz sizinlə əlaqələrimizi saxlayacayıq" kimi təsirlər absurd və çox primitiv yanaşmadır».
Mehdi Babayev hesab edir ki, hələlik 1C mühasibat proqramının Rusiyaya tətbiq olunan sanksiyaların kütləvi təsirinə məruz qalması gözlənilmir: «Əməliyyatları az olan mikro və kiçik sahibkarlıq subyektlərində ixtisaslaşdırılmış mühasibat proqramından istifadə etməmək də olar. Əgər əməliyyatların çeşidi azdırsa, fərdi sahibkardırsa və tək və ya az sayda təsisçisi olan təsərrüfat subyektidirsə mühasibat uçotunu EXCEL faylında (proqramında) da aparmaq olar. Lakin ağır istehsalat prosesləri olan, çoxlu funksional strukturları olan orta və iri sahibkarlıq subyektlərində mühasibat proqramını tətbiq etməklə uçotun avtomatlaşdırılması həyata keçirilməlidir ki, müəssisənin fəaliyyətinin fasiləsizliyi və resurslarına və öhdəliklərinə nəzarət mümkün olsun».
Ekspertin sözlərinə görə, əgər 1C mühasibat proqramından istifadəyə hər hansı qadağalar qoyularsa və ondan istifadə etmək mümkün olmasa, bazarda olan başqa proqramlardan istifadə etmək lazım gələcək: «MİKRO» (Türkiyə), «Loqo» (Türkiyə), «AzMühasib» (Azərbaycan), «Günəş» (Azərbaycan), «Hesabat» (onlayn proqram), «ERP» (müəssisə resurslarının planlaşdırılması) kimi mühasibatlıq proqramlarından istifadə etmək olar».
Azərbaycanda 1C məhsullarının satışı ilə məşğul olan «AZERBAIJAN 1C DISTRIBUTION» şirkətində isə bu proqramla bağlı narahatlığın qətiyyən olmadığını bildirirlər.
Şirkətin icraçı direktoru Nərmin Aşirova FED.az-a bildirib ki, Azərbaycanda 1996-cı ildən fəaliyyətə başlayan 1C şirkəti hazırda dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir.
«Azərbaycanda 1C məhsullarının geniş yayılması ilə məşğul olan “Azerbaijan 1C Disturbition” adlı şirkət fəaliyyət göstərir və onun 30-dan artıq partnyoru var».
Nərmin Aşirova bildirir ki, 1C və onun proqram təminatının strukturu bir qədər fərqlidir və internetdən asılı deyil: «1C hal-hazırda ERP səviyyəli məhsuldur. Özünün platforması, proqram lisenziyası var, eyni zamanda USB açarlardan istifadə edir. Proqram lisenziyalarının, yəni 1C-nin proqram təminatının işləməsi internetdən, o cümlədən Runet-dən (Rusiya internet məkanından) asılı deyil və onunla bağlantısı yoxdur».
Şirkət rəhbərinin sözlərinə görə, 1C-nin “1C fresh” adlanan məhsulu var: «Bu məhsul istənilən ölkədə və həmin ölkələrdə data mərkəzlərdə yerlərşdirilə bilər. Hal-hazırda, bu məhsul Azərbnaycanda birbaşa fəaliyyət göstərmir, amma gələcəkdə planımız var. Bu məhsul harada fəaliyyət göstərirsə, yəni Rusiyada və ya Qazaxıstanda və sair, klaud infrastrukturu var. Onun da runetlə, ümumiyyətlə, hər hansı bir ölkə, hər hansı bir internet resursuna bağlantısı yoxdur».
İcraçı direktorun sözlərinə görə, hazırda 1C Azərbaycanda geniş istifadə olunur, geniş istifadəçi kütləsi var: «O baxımdan da 1C-nin Azərbaycanda heç bir təhlükəsi gözlənilmir. 1C-nin Azərbayanda 90-cı illərə aid 7.7 platforması mövcuddur. 8.0 platforması da istifadə olunur. Hazırda isə 8.3 versiyası daha çox istifadə olunur. Bu platformanın birbaşa internetə bağlantısı yoxdur, İnternetlə əlaqəli deyil».
Şirkətdən bildirilir ki, bir qayda olaraq 1C məhsulları internet üzərindən deyil, serverlərdə qurulur: «Yəni müəssisələrin özünün daxili şəbəkəsində və resurlarında qurulur və özünün daxilində istifadə edilir. Ola bilər ki, kimsə Rusiyadakı olan resursdan istifadə edirsə, ola bilər ki, onlarla bağlı prolem yaransın. Mən Azərbaycanda Rusiyanın resurundan kimlərinsə istifadə etməsi haqqında məlumat etməmişəm. Azərbaycanda geniş yayılmış 1Cməhsullarının hamısı özünün daxili resurslarında quraşdırılıb və istifadə olunur. Onunla bağlı heç bir problem yoxdur».
Şirkət rəhbəri bildirir ki, 1C-in Azərbaycanda bağlanması yalnız bir şərtlə mümkün ola bilər ki, Azərbayca Rusiya məhsullarına birbaşa qadağa qoymuş olsun: «Bunun da ola bilmə ehtimalı sıfırdır. 1C şirkəti Amerikada belə fəaliyyət göstərir və fəaliyyətinə heç bir sanksiya, yaxud qadağa yoxdur. Ümumiyyətlə 1C heç bir sanskiyaya məruz qalmır. Çünki 1C bir biznes şirkətidir. Onun heç bir hərbi məsələlərə və ya Rusiya rəhbərliyinə aidiyyəti də yoxdur».
«1C-nin təkcə mühasibat deyil, eyni zamanda ERP tipli məhsulları da geniş yayılıb. Hal-hazırda, 1C-nin yeni, daha mütərəqqi platforması da işə düşəcək»-deyə şirkətdən bildirilib.