Portuqaliyada Madeyra adasındakı hava limanına İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldonun adı verilib.
"Publico" nəşrinin yazdığına görə, bu gün baş tutan açılış mərasimində 32 yaşlı hücumçunun özü də qatılıb. Onu sevgilisi və Madeyra muxtar bölgəsinin prezidenti Migel Albukerke müşayət edib.
"Kriştianu Ronaldo - Madeyra Beynəlxalq Hava Limanı" adlanancaq aeroportun açılışında ulduz futbolçu bildirib ki, hər zaman Portuqaliya və Madeyranın adını yüksəltmək üçün əlindən gələni edəcək. Ronaldo hava limanına onun adının verilməsinə etiraz edənlərin fikirlərinə hörmətlə yanaşdığını söyləyib: "Bura adımın verilməsini heç vaxt sizdən xahiş etməmişəm. Xoşbəxtəm, lakin ikiüzlü deyiləm. Bilirəm ki, hazırda burada olan bəzi adamlar aeroprta mənim adımın verilməsini istəmirdilər. Ancaq biz demokratik ölkədə yaşayırıq və hər kəsin öz azad düşüncəsi ola bilər".
Qeyd edək ki, Kriştianu Ronaldo 5 fevral 1985-ci ildə Madeyra adasındakı Funşal şəhərində anadan olub. Madeyra Beynəlxalq Hava Limanına futbolçunun adının verilməsi heç də birmənalı qarşılanmayıb. Bölgənin prezidenti Migel Albukerke başda olmaqla, rəhbər şəxslər tənqidlə üzləşiblər.