“İxrac icmalı”nın avqust sayı açıqlanıb.
“İxrac icmalı”nın avqust sayına əsasən, 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8% artaraq 2 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-iyul ayları ərzində yeyinti məhsulları üzrə ixrac 520 milyon ABŞ dollarına bərabər olub.
2023-cü ilin yanvar-iyul ayları ərzində elektrik enerjisi 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 4,4 dəfə, şəkər ixracı 46,6%, meyvə-tərəvəz ixracı isə 6,1% artıb.
2023-cü ilin yanvar-iyul ayları ərzində aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,6% artaraq 540,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3% artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (314,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (124,2 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (79,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2023-cü ilin yanvar-iyul ayları ərzində Rusiya Federasiyasına 641,9 milyon ABŞ dolları, Türkiyəyə 555,1 milyon ABŞ dolları, Gürcüstana 198,7 milyon ABŞ dolları,İsveçrə Konfederasiyasına 81,8 milyon ABŞ dolları, Qazaxıstana isə 66,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2023-cü ilin iyul ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artaraq 233,2 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 60,1 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 1,5% artaraq 173,2 milyon ABŞ dollarına bərabər olub.
2023-cü ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (89,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (42,6 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,4 milyon ABŞ dolları) üçüncü olub.
2023-cü ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (23 milyon ABŞ dolları) birinci, ilkin formalı propilen sopolimerləri (12,5 milyon ABŞ dolları) ikinci və qızıl (11,5 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı”nda göstərilib ki, 2023-cü ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 14,7 milyon ABŞ dolları olub.
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-iyul aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2023-cü ilin yanvar-iyul ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC, “STP Global Cable” MMC, “P-Aqro” MMC, “Mega Fruit Az” MMC, “My Fruit” MMC, “Almeyvə” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ASC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, “ASK Tütün” MMC.
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə 11,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin iyul ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-iyul ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 3,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,4 milyon ABŞ dolları ilə Lüksemburq, 983,6 min ABŞ dolları ilə BƏƏ, 613,8 min ABŞ dolları ilə Almaniya və 472,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
2023-cü ilin yanvar-iyul aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1,2 milyard manat, yalnız iyul ayında isə 218,8 milyon manat dəyərində əməliyyat aparılıb.