Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürəcək. Milli Gimnastika Arenasında təşkil olunacaq tədbir saat 19:00-da başlayacaq.
Olimpiadada iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Ümumilikdə çempionluq uğrunda 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır.
On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. İlk tur sentyabrın 2-də saat 15:00-da start götürəcək. Sentyabrın 7-də yarışda istirahət günüdür.
Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunacaq.
Olimpiada günlərində Bakı həm də FİDE-nin növbəti konqresinə ev sahibliyi edəcək. Həmin konqresdə isə 183 ölkə təmsil olunacaq.
Bakı Şahmat Olimpiadasında kişilərin yarışında ən yüksək reytinq Rusiya millisinə məxsusdur. Onların əmsalı 2760-a bərabərdir. ABŞ (2740) ikinci, Çin (2735) üçüncü pillədə qərarlaşıb. Azərbaycanın I komandası isə 2705 xalla 4-cüdür. İkinci komandamız 2576, üçüncüsü isə 2350 xala malikdir.
142 komandanın çıxış edəcəyi qadınların turnirində isə reytinq-favorit Çin millisidir - 2528. İkinci pilləni Rusiya (2493), üçüncü yeri Ukrayna (2485) tutur. Azərbaycanın I komandası 2320 reytinq xalına malikdir. İkinci komandamız 2248, üçüncüsü isə 2016 xala malikdir.
Qeyd edək ki, sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Bakı Kristal Zalında Rusiyanın Şahmat Muzeyi tərəfindən sərgi də təşkil olunacaq. Sərgidə hind çaturanqa, İran satranc oyunları üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, Kral I Çarlz üçün fil sümüyündən hazırlanan orta əsrlərə aid şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar nümayiş etdiriləcək.
Trend©