Azərbaycan Mərkəzi Bankı Valyuta mübadilə məntəqələri “Eliko” MMC-yə və “Meta-Kapital” MMC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumatlar yayıb.
FED.az məlumatlara istinadən xəbər verir ki, “Eliko” MMC tərəfindən 2025-ci ilin fevral ayının sonuna aylıq hesabatlarının “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Eliko” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir. Göstəriş Mart ayında verilib.
Bununla yanaşı “Meta-Kapital” MMC tərəfindən 2025-ci ilin fevral ayının sonuna aylıq hesabatlarının “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq gecikmə ilə təqdim edilməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Meta-Kapital” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir. Bu göstəriş də Mart ayında verilib.
“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinə görə bu Qaydaya 5 nömrəli və 6 nömrəli əlavələrdə müəyyən edilmiş formada hazırlanmış valyuta mübadiləsi məntəqəsinin fəaliyyəti barədə və valyuta mübadiləsi əməliyyatlarına dair aylıq hesabatlar növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilir.
Qeyd edək ki, yanvarda Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar "Eliko" MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 500 (min beş yüz) manat məbləğində cərimə edilib.
Bundan başqa Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar “Eliko" MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə müvafiq olaraq, 10 334 (on min üç yüz otuz dörd) manat məbləğində cərimə edilmişdir.