Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gürcüstan vətəndaşı Rebeka Saxtarova (Sakhtarova) Bakıda icarəyə götürdüyü obyektin sahibi tərəfindən hüquqlarının pozulduğunu bildirir.
10 milyonluq ziyana görə 10 il həbs cəzası verilmiş şirkət rəhbəri - BƏRAƏT ALDI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Saxtarova paytaxtın mərkəzi Zərifə Əliyeva küçəsində “Soyuq Dağ” MMC-dən icarəyə götürdüyü mağazada əntiq əşyalar satdığını, lakin 4 ildir həmin obyektə daxil ola bilmədiyini deyib: ““Soyuq Dağ” MMC müqavilə ilə icarədarı olduğum dükana məni buraxmır. Səbəb kimi də onu göstərirlər ki, Gürcüstan vətəndaşı Leila Janashia dükandakı əşyaların mənə deyil, ona məxsus olduğunu iddia edir. “Soyuq Dağ” MMC-nin belə yanaşması nəticəsində faktiki müflisləşmişəm. Nəinki ticarətlə məşğul ola bilmirəm, üstəlik qulluqsuz qalan əşyalarımı itirmək təhlükəsi ilə üz-üzə qalmışam”.
Şikayətçi bildirib ki, “Soyuq Dağ” MMC-yə qarşı məhkəmədə iddia qaldırıb və dükana buraxılmasını tələb edib: “Leila Janashia da həmin məhkəmə prosesinə qoşularaq əntiq əşyaların ona verilməsini tələb edib. Həmin bu Leila xanım mənim illərlə kömək etdiyim bir şəxsdir. Buna görə də biznes fəaliyyətimdən məlumatlı olub və hazırda bundan sui-istifadə edir. Həm də o, heç sahibkar statusuna da malik deyil, ölkəyə öz adına heç bir mal gətirməyib”.
İddia ilə bağlı Bakı Kommersiya Məhkəməsi 22 iyul 2022-ci il tarixli qətnamə çıxarıb. R.Saxtarovanın iddiası təmin edilib və L.Janashianın tələbi rədd edilib. Lakin 28 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi həmin qətnaməni ləğv edərək Janashianın iddiasını təmin edərək dükandakı əşyaların ona verilməsini qət edib.
R.Saxtarova əlavə edib ki, qarşı tərəfin məhkəməyə sübut kimi təqdim etdiyi sənədlərin hüquqi dəyəri yoxdur: “Janashia sübut kimi Gürcüstan notariusunun təsdiq etdiyi ərizələri təqdim edib. Həmin ərizələrdə bir neçə Gürcüstan vətəndaşı Janasiaya hansısa əntiq əşyaları satdığını təsdiq edir. Belə əcaib “sübut” əsasında Bakı Apellyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb. Əvvəla, sözügedən ərizələrdə hansı əşyalardan söhbətin getməsi naməlumdur. Ən əsası isə həmin ərizələr faktiki olaraq şahid ifadəsidir. Yəni alqı-satqı müqaviləsi deyil. İstənilən şəxs notariusda hər hansı ərizəni təsdiq etdirə bilər. Çünki notarius əşyaların mənsubluğunu deyil, ərizəçinin imzasını təsdiq edir. Həmin şəxs şahiddirsə, Azərbaycana gəlib məhkəmədə ifadə verməli idi. Əks halda, yalan ifadə verməyə görə heç bir məsuliyyət daşımadan onun ərizəsi sübut kimi qəbul oluna bilməz. Dünyanın istənilən ölkəsindən notarial ərizə gətirərək Azərbaycandakı əşyaların mənsubluğu müəyyən ediləcəksə, vay bizim halımıza”.
R.Saxtarova Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etdiklərini də bildirib.
Məsələ ilə bağlı Ali Məhkəmədən bildirildi ki, R.Saxtarovanın şikayətinə yaxın günlərdə baxılacaq.