Oktyabrın 8-də “Binə” Ticarət Mərkəzində baş verən böyük yanğından sonra bazarın bir hissəsinin söküntüsünə başlanılıb.
FED.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, artıq 30-a yaxın mağazada söküntü işləri aparılır. Bazar rəhbərliyi rəsmi strukturlardan bu mövzuda heç bir kömək istəməyib və söküntü-tikinti işlərini özləri həll edəcəklərini bildiriblər.
Hazırda yüngül söküntü işləri aparılır, divarların üzü və yanğın zamanı yararsız hala düşən daşınar əmlaklar sökülərək ərazidən təmizlənir. Bunun üçün bir neçə texnika və 50-yə yaxın işçi qüvvəsi prosesə cəlb olunub. Söküntü işləri başa çatdıqdan sonra yeni mağazalarin tikilib istifadəyə veriləcəyi bildirilir.
Yanğın zamanı təxminən 25 mağazaya maddi ziyan dəyib, mallar yanaraq məhv olub. Sahibkarlara 100 minlərlə manat dəyərində ziyan dəydiyi qeyd olunur. Lakin heç bir mağazanın məhsulları sığorta olunmayıb.