Yeni EnerMech və Oil & Gas Proserv birgə müəssisəsi Azərbaycanda əməliyyatçı şirkətlərlə 3 milyon ABŞ dolları dəyərində müqavilələr imzalayıb
- EnerMech OGP birgə müəssisəsi biznesin böyüməsinə təkan verir
- Yeni birgə müəssisə Azərbaycanda yerli peşəkarların inkişafına töhfə verir
- EnerMech avandanlıqların yaxşılaşdırılması üçün 1 milyon ABŞ dolları sərmayə qoyur
FED.az xəbər verir ki, Nobel Energy qrup şirkəti olan Oil & Gas Proserv (OGP) ilə EnerMech şirkətləri arasında yaradılmış yeni birgə müəssisə (EnerMech OGP) regionda 3 milyon ABŞ dolları dəyərindəki ilk iki müqaviləsinə imza atıb.
Şirkətin biznesin daha da böyüməsinə dəstək vermək üçün və yerli işçilərin işlə təmin olunması və inkişaf etdirilməsi ilə bağlı öhdəliyinə uyğun olaraq, növbəti aylarda işə qəbulda artımın baş verməsi gözlənilir.
EnerMech qlobal kompleks mexaniki, elektrik, alətlər və bütövlüyün təmin edilməsi xidmətləri üzrə ixtisaslaşmış şirkətdir. Şirkətin Xəzər regionunda Gürcüstan və Qazaxstanda obyektləri mövcuddur. EnerMech Azərbaycanda fəaliyyət göstərdiyi 12 il ərzində azərbaycanlı kadrları işə götürərək və inkişaf etdirərək, sektorda öz fəaliyyətini və insan kapitalına qoyduğu sərmayəsini artırmışdır.
Yeni EnerMech OGP birgə müəssisəsi (BM) EnerMech şirkətinin kompleks təchizat, əməliyyatlar, təmir və mühəndislik üzrə həll yolları və ixtisaslar təminatı ilə bərabər, OGP şirkətinin yerli təcrübəsi, texnologiyaları və neftin verimliliyinin artırılması sahəsindəki səmərəli idarəetmə bacarıqlarından faydalanacaq.
2 milyon ABŞ dolları dəyərindəki ilk müqaviləyə əsasən, gələn il fəaliyyətə başlayacağı zaman gündəlik 100 000 barel neft hasilatını təmin edəcək; ümumi istismar müddəti ərzində isə 300 milyon barel neftin hasil olunması proqnozlaşdırılan; dəniz platformasının və qurğuların daxil olduğu son dərəcə əhəmiyyətli bir sahənin işlənməsi layihəsi üçün mühəndislik, sürtgü yağları ilə yuyulma, akkumulyatorun doldurulması və N2 He sızma testi xidmətləri göstərəcəkdir.
Dəyəri 1 milyon ABŞ dolları məbləğində olan ikinci müqavilə çərçivəsində Abşeron qaz-kondensat yatağının işlənməsinə dəstək göstəriləcəkdir. Bakıdan 100 km cənubda yerləşən Abşeron qaz yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon tondan çox kondensat həcmində qiymətləndirilir. Əməkdaşlıq çərçivəsində layihədə görüləcək işlərin həcminə mühəndislik, flansın idarə olunması, N2 He sızma testi, qurutma və platformanın üst modulları üçün boruların və çənlərin inertizasiyası (boşaldılması) xidmətləri daxildir.
OGP şirkətinin baş direktoru Eldar Məhərrəmov deyib: “OGP 17 il öncə Azərbaycanda neft və qaz sənayesinə yeni texnologiyaların, səmərəli idarəetmənin və yerli təcrübənin gətirilməsi məqsədilə qurulmuşdur. Biz EnerMech şirkəti ilə səylərimizi birləşdirməkdən məmnunuq, belə ki, əməkdaşlığımız imkanlarımızın və bacarığımızın effektivliyini ikiqat artırmaqla, yeni strateji müqavilələr üçün göstərdiyimiz xidmətlərin keyfiyyətini və səmərəliliyini artıracaqdır.
Yeni birgə müəssisənin imzaladığı müqavilələr çərçivəsində EnerMech ilə birgə işləməyi və əməkdaşlığımızın hazırda da davam edən yerli kadrların işəqəbulunun artmasına göstərəcəyi təsirini səbirsizliklə gözləyirik.”
EnerMech şirkətinin Yaxın Şərq və Xəzər dənizi üzrə regional direktoru Pol Kokeril deyib: “EnerMech 2010-cu ildə aparıcı kran əməliyyatları və qaldırılma xidmətlərinin göstərilməsi üzrə müqaviləsini imzaladıqdan bu yana regionda fəaliyyət göstərir. Həmin tarixdən bizim regionda əsas xidmətlərimiz üzrə fəaliyyətimiz genişlənməkdə davam edir və yerli işçi qüvvəsinin ixtisaslarını artırmaq məqsədilə biz onlarla biliyimizi, ən yaxşı təcrübəmizi və təhlükəsizlik üzrə bacarıqlarımızı bölüşürük.
OGP ilə birgə yaradılmış müəssisə əlavə istedad və texnologiyalarla bizim mövcud komandalarımızı, xidmətlərimizi və məhsullarımızı tamamlayaraq, bacarıqlarımızı daha da genişləndirdi. Hər iki layihənin icra edilməsinə tezliklə başlandıqdan sonra, yaxın aylar ərzində biz daha çox Azərbaycan vətəndaşını işlə təmin etməyi planlaşdırırıq.
Hər iki müqavilə biznes baxımından uduşlu layihələrdir və bizim regionda strateji böyüməyimizə dəstək verir. Biz qurğu və avadanlıqlarımızı daha da yaxşılaşdırmaq baxımından yeni avadanlıqların alınmasına bir milyon ABŞ dolları məbləğində sərmayə qoymuşuq. Belə bir sanballı infrastruktura sahib olmaqla, biz regiondakı mövcud müştərilərimizlə münasibətlərimizi davam etdirmək, habelə yeni əlaqələr qurmaq istəyirik.”
EnerMech:
2008-ci ilin aprel ayında qurulan EnerMech şirkəti beynəlxalq enerji və infrastruktur sektorlarına istismara təhvildən öncəki işlərdən, əməliyyatlara və texniki dəstəyə qədər və daha sonrakı mərhələlər də daxil olmaqla, kompleks mexaniki, elektrik, alətlər və bütövlüyün qorunması xidmətlərini göstərir.
EnerMech rəqib şirkətlərin təklif edə biləcəyindən daha aşağı qiymətlərlə daha təhlükəsiz, müştəri yönümlü, çevik, eyni zamanda daha yüksək səviyyədə mühəndislik və texniki dəstək xidmətlərinin göstərilməsinə fokuslanıb. 2018-ci ilin dekabr ayında EnerMech NASDAQ siyahısında yer alan, qlobal aktivlərin idarəedilməsi şirkəti – Carlyle Group tərəfindən alınmışdır.
EnerMech əsas xidmət sahəsi olan – kran və qaldırılma; elektrik və avadanlıq; avadanlıqların kirayə verilməsi; elekrik və alətlər; avadanlıqların icarəsi; hidravlik məhsullar və xidmətlər; sənaye xidmətləri; proses, boru kəməri və hasilat sistemi (PPU); texniki-profilaktik baxım və bütövlüyün təmin edilməsi xidmətləri; təlim və klapanların təchizatı və xidmətləri sahəsində kompleks təchizat, əməliyyatlar, texniki-profilaktik xidmət və mühəndislik həll yolları təmin edir.
Baş ofisi Aberdin şəhərində yerləşən qrupun Böyük Yarmut, Bristol (Böyük Britaniya); Stavancer, Hyuston, Pasadena, Sulfur, Kasper, Uilliston (ABŞ), Qayana, Trinidad, Meksika, Əbu-Dabi, İraq, Qətər, Saudiyyə Ərəbistanı, Azərbaycan, Qazaxstan, Sinqapur; Pert, Melburn, Sidney, Brisben, Darvin, Qladston, Çinçilla (Avstraliya); Malaziya, Çin, Cənubi Koreya, Hindistan, Qana, Nigeriya, Anqola və Cənubi Afrikada öfisləri var.
Enermech haqqında daha ətraflı məlumat üçün: www.enermech.com
OGP:
Nobel Energy qrup şirkəti olan Oil & Gas ProServ (OGP) 2005-ci ildə neft və qaz sənayesinə yeni texnologiyaları, səmərəli idarəetməni və yerli təcrübəni gətirmək məqsədilə qurulmuşdur. OGP şirkətinin göstəridyi xidmətlər arasında yataqların işlənməsi üzrə tədqiqat; proqressiv vintli nasosların quraşdırılması, tətbiqi və onlara texniki xidmət; neft yatağı avadanlıqları üçün korroziya əleyhinə həll yolları; quyularda kompleks plastik perforasiya texnologiyalarının tətbiqi, eləcə də, yetkin neft sahələrindən quyuların neftvermə qabiliyyətinin artırılmasına imkan verən yeni texnologiya və üsulların tətbiqi yer alır.
OGP haqqında daha ətraflı məlumat üçün: www.nobelenergy.com/subsidiaries/oil-gas-proserv