FED.az biznes portalı Report.az-a istinadən ekspert Qulu Nuriyevin yazısını təqdim edir:
Bu ilin neft bazarına nə qədər gözlənilməz dəyişikliklər gətiribsə, qiymətlərin qısa perspektivi üçün ekspertlərin proqnozları da bir o qədər dəyişkəndir.
İlin ilk 4 ay ərzində baş verən kəskin ucuzlaşmadan sonra yay fəsli son dərəcə sabit keçdi, hətta “Brent” markalı neft 45 ABŞ dollarınadək bahalaşdı. Hərçənd tələbatın azaldığı yay fəsli ədətən neft bazarı üçün əlverişsiz dövr hesab olunur. Bu il isə əksinə, havaların soyuması ilə COVID-19-a yoluxmaların artması və bunun səbəb olduğu məhdudiyyətlər tələbatın xeyli azalmasına gətirib çıxardı, nəticədə qiymətlər 10 faizədək azaldı. Sentyabr – oktyabr aylarında neft 35 ABŞ dolları ətrafında qiymətə satılırdı.
Lakin noyabr ayının əvvəlində neft bazarında müəyyən sabitləşmə baş verdi, xüsusilə “Pfizer” və “BioNTech” şirkətlərinin hazırladığı yeni peyvənd dərmanının uğurlu sınaqları barədə xəbərlərin təsirilə “Brent” markalı neftin cari qiymətləri 44 ABŞ dolları, fyüçersləri isə 45 ABŞ dolları həddini keçdi.
Ayın 17-də axşam saatlarından isə OPEC+ Nazirlər Monitorinq Mərkəzinin növbəti iclasında hasilat artımına dair tövsiyələrini formatın 30 noyabr – 1 dekabr tarixlərinə təyin olunmuş ümumi iclasınadək təxirə salmaq qərarından sonra qiymətlər azalmağa başladı. “İNG” xammal strategiyası rəhbəri Uorren Patterson “Reuters”ə bildirib ki, koronavirus dərmanı üzərində çalışmaların qısamüddətli perspektiv üçün elə bir təsiri yoxdur, çünki “COVID-19-un ikinci dalğası üzündən tələbatla bağlı şübhələr davam edir”.
OPEC+ Nazirlər Monitorinq Komitəsinin açıq iclası zamanı Səudiyyə Ərəbistanı enerji naziri şahzadə Əbdüləziz bin Salman da yeni dərmanın sınaqları barədə xəbərlərin ümidverici olduğunu, bununla belə yalnız dərmanın kütləvi istifadəyə çıxarılması təqdirdə tələbata mühüm təsir edəcəyini deyib. Lakin pandemiyanın ikinci dalğası və yeni məhdudiyyətlərin tətbiqi nəticəsində bu nikbin ab-havanın yox ola biləcəyi də diqqətə çatdırıldı: “Biz hələ də uzun pandemiya tunelindəyik, oradan çıxmağımıza hələ çox qalıb”.
Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyi (İEA) da noyabr hesabatında 2020-ci ildə dünyada neftə gündəlik tələbata dair proqnozunu 0,4 milyon barel azaldıb. Proqnoza görə koronavirus pandemiyasının hələ 2021-ci ildə də tələbata təsiri davam edəcək. Dərmanın bu məsələyə təsirinə dair isə ehtiyatlı mövqe nümayiş etdirilir: “Bu peyvənd dərmanlarının necə və nə vaxt adi həyata qayıtmağımıza kömək edəcəyini söyləmək hələ tezdir. Hazırda onların 2021-ci ilin birinci yarısında tələbata böyük təsir göstərəcəyini güman etmirik”.
Bundan əvvəl OPEC də 2020-ci ildə tələbata dair proqnozunu 9,8 milyon barel azaltmışdı. Cari ilə dair proqnozların dəfələrlə azaldılması pandemiyanın ikinci dalğası üzündən bazarda hökm sürən çaşqınlığı əks etdirir. Gələn ilə dair tələbatın artımına dair proqnoz da ötən ayın hesabatına nisbətən 0,3 milyon barel azaldaraq 6,2 milyon barelə endirilib.
Qeyd edək ki, 2020-ci ildə neft bazarına təsir edən amillər arasında koronavirus pandemiyası ən güclüsü olsa da, yeganə deyil. Bu amillər arasında siyasi hadisələrin də təsirini unutmaq doğru olmaz. Belə ki, ekspertlərin qənaətincə bazardakı ehtiyatların həcmi OPEC+ çərçivəsindəki razılaşma ilə yanaşı həm də ABŞ-da ilin əvvəlinə nisbətən 2,5 milyon barel azalmış olan hasilat həcmindən də asılıdır. Donald Tramp administrasiyası tərəfindən yerli şirkətlər üçün xüsusilə şistli yataqlarla bağlı yaratdığı çox əlverişli şərtlər hasilatın artımını təmin etmiş, nəticədə ölkə bu ilin sentyabr ayında hasilat həcminə görə Səudiyyə Ərəbistanı və Rusiyanı ötərək dünya liderliyinə yiyələnmişdi. İndi isə vəziyyət dəyişə bilər. Belə ki, Cozef Bayden Ağ Evə gəldikdən sonra Paris İqlim Sazişi nə qayıtmaq, həmçinin federal tabeçiliyində olan quru və şelf sahələrində qazma işlərinə qadağa qoymaq niyyətindədir.
Bununla yanaşı, yeni administrasiya dövründə şist yataqlarına yatırılan sərmayələrin xeyli azalacağı da ehtimal olunur ki, belə olan halda hasilat həcmi xeyli azalacaq. Bütün bunlarla yanaşı Demokrat Partiyasının yeni administrasiyası hələ əvvəllər Barak Obama kimi İrana qarşı sanksiyaları da ləğv etsə, neft bazarındakı təklifin artması və qiymətlərin də azalması labüd olacaq. Bununla belə ekspertlər Cozef Bayden administrasiyasının siyasəti nəticəsində uzun perspektivdə təklifin azalmasına, qiymətlərin isə qalxmasına gətirib çıxaracağına şübhə etmirlər.
Hər halda bu il həm pandemiyanın, həm də siyasi vəziyyətin neft hasilatı baxımdan nikbinliyə elə bir əsas yatarmadığı şəksizdir. Odur ki, neftin bir barelinin 35-45 ABŞ dolları arasında dəyişməsi daha əlverişli hesab olunur. İlin əvvəlində gördüyümüz kəskin ucuzlaşmanın bir daha təkrarlanma ehtimalına gəlincə, ekspertlərin əksəriyyəti OPEC və OPEC+ formatı çərçivəsində göstərilən səylər sayəsində bunun baş verməyəcəyini düşünürlər.