Azərbaycanda 100 ildən artıq müddətdə ölkənin simvoluna və vizit kartına çevrilmiş neft – qara qızıl dövrü öz pik dvrünü keçib və başa çatmağa hazırlaşır. Doğrudur, hələ qarşıdakı bir neçə on illik ərzində Azərbaycanda neft hasilatı davam edəcək və neft gəlirləri ölkə iqtisadiyyatına töhfəsini verəcək. Amma neftin ölkə iqtisadiyyatında oynadığı rol getdikcə azalır və neft gəlirlərini başqa sahələrdən gələn gəlirlərlə əvəz etməyin vaxtıdır.
Azərbaycanın xaricə neft ixracı son 14 il ərzində azalıb - İLLƏR, RƏQƏMLƏR
FED.az bununla bağlı maliyyəçi ekspert Xıdır Səfərovun fikirlərini öyrənib.
Ekspertin sözlərinə görə, başa çatan 2024-cü il neft sektorunda azalmanın daha bir ili oldu. Rəsmi məlumatlara görə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 26,5 milyon ton neft hasil edilib. Hasil edilən neftin 15,4 milyon tonu «Əsrin müqaviləsi»nə daxil olan «Azəri-Çıraq-Günəşli» yataqlarının, 4,3 milyon tonu “Şahdəniz” və “Abşeron” qaz yataqlarının payına düşüb. Dövlət Neft şirkəti olan SOCAR isə həmin dövrdə 6,8 milyon ton neft çıxarıb: «Müqayisə üçün bildirək ki, 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 27,6 milyon ton neft çıxarılmış, bunun 16,4 milyon tonu «Əsrin müqaviləsi»nin, 4,1 milyon tonu “Şahdəniz” və “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə həmin dövrdə 7,1 milyon ton neft hasil etmişdi».
2022-ci ilin yanvar-noyabr aylarında ölkədə 29,8 milyon ton neft, 2021-ci ilin yanvar-noyabr aylarında isə 31,6 milyon ton neft çıxarılıb.
«Başqa sözlə, son 4 ilin məlumatları neft hasilatının sürətlə azaldığını, bunun həm «Əsrin müqaviləsi», həm də SOCAR-ın hasilatında baş verdiyini göstərir»-deyə ekspert bildirir.
Neftin hasilatının azalması ilə onun ixracı və ondan gələn gəlirlər də aşağı düşür.
Belə ki, 2021-ci ilin ilk 11 ayında də Azərbaycan xaricə 25,7 milyon ton neft ixrac etmişdisə, 2022-ci ilin eyni dövründə bu rəqəm 24 milyon tona, 2023-cü ildə 23,1 milyon tona, 2024-cü ildə 22,2 milyon tona enib.
Başqa sözlə, Azərbaycanın neft gəlirləri azalmaqdadır. Ekspert bildirir ki, bunun əsas səbəbi neftin hasilatının aşağı düşməsi ilə yanaşı, neftin qiymətinin azalması, bərpa olunan enerji növlərinin populyarlaşması nəticəsində neftə tələbatın zəifləməsidir.
«Qarşıdakı dövrdə bu proses davam edəcək. Beynəlxalq Enerji Agentliyinin (İEA) və Bərpa olunan enerji mənbələri üzrə Beynəlxalq Agentliyin (İRENA) məlumatına görə, 2023-cü ildə dünyada hasil olunan olunan enerjinin 29%-i bərpa olunan mənbələrin payına düşür.
Dəyişikliklər belə sürətlə davam etsə, 2030-cu ildə bu rəqəm 35-40%-ə, Avropa Birliyində isə 50%-ə çatacaq.
Səbəbi günəş və külək enerjisi qurğularının ucuzlaşması, dövlətlərin bu sahəyə subsidiya verməsi və sairdir. Nəhayət, 2050-ci ildə dünyanın enerji balansında bərpa olunan enerjinin 90%-ə çatacağı gözlənilir»-deyə ekspert bildirir.
Neftə tələbat isə 2022-ci ildəki gündəlik 100 milyon bareldən 2025-ci ildə 85 milyon barelə, düşəcək. Buna səbəb ənənəvi olaraq neftə tələbat yaradan sahələrdəyi yeniliklər – məsələn elektromobillərin artmasıdır. Nəticədə neft ölkələri hər il bu dəyişikliklərdən 1 trilyon dollar itirəcəklər. Təsadüfi deyil ki, hazırda neft ölkələri özlərinin qeyri-neft gəlirlərini artırmağa çalışırlar.
Xıdır Səfərovun fikrincə, bu o deməkdir ki, artıq yaxın gələcəkdə neft-qaz ehtiyatları əvvəlki kimi gəlirli olmayacaq və Azərbaycan digər sahələrdən gələn gəlirləri artırmalıdır.
Xatırladaq ki, neftlə bağlı prosesləri hökumət də izləyir və postneft dövrünə hazırlaşır. Hökumətin bununla bağlı proqnoz-planları 2025-ci ilin dövlət büdcəsi və sosial iqtisadi proqnozlarındla əks olunub.
Büdcə layihəsində «Neft gəlirlərinin azalması», «Xərclərin artımının iqtisadi artım göstəriciləri və dayanıqlı gəlir mənbələri ilə uzlaşdırılması», «Qeyri-neft sektorundan əldə olunan gəlirlərin ümumi büdcə gəlirlərində payının artırılması» kimi məsələlər aktual məsələlər kimi qeyd edilib.
2025-ci ilin büdcəsində hökumət neftin qiymətini 70 dollar kimi götürsə də, 2026-2028-ci illərdə proqnoz 65 dollara endirilib.
Ekspert xatırladır ki, ilk dəfə olaraq 2025-ci ilin büdcəsində qeyri-neft sektorunun gəlirləri neft sektorunu üstələyəcək – 51%-in 49%-ə nisbətində olacaq. Belə vəziyyətdə neft sektorunu əvəz edəcək əsas istiqamətlər kənd təsərrüfatı, turizm, logistika- nəqliyyat və informasiya texnologiyalarıdır».
Kənd təsərrüfatı
Xıdır Səfərov bildirir ki, neft sektorunu əvəz edə biləcək sahələrdən biri aqrar sahə – kənd təsərrüfatıdır.
«Hazırda aqrar sahə, ölkənin ixrac gəliri baxımdan neftdən sonra ikinci yeri tutur. Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracı davamlı olaraq artmaqdadır və qarşıdakı illərdə bu rəqəmlər daha da böyüyəcək. Bu məhsulların əsasında meyvə-tərəvəz və pambıq ixracı dayanır». Meyvə-tərəvəzin illik ixracı 650-750 milyon dollar arasında, pambıq ixracı isə illik 150-200 milyon dollar arasında dəyişir.
Belə ki, 2021-ci ildə Azərbaycan xaricə 630 milyon dollarlıq meyvə-tərəvəz, 211 milyon dollarlıq pambıq ixrac edib (ümumi ixrac 841 milyon dollar).
2022-ci ildə meyvə-tərəvəz ixracı 667 milyon dollar, pambiq 175 milyon dollar olub (birlikdə 842 milyon dollar).
2023-cü ildə bu rəqəmlər müvafiq olaraq 726 milyon dolllar pambiq 153 milyon dollar təşkil edib (birlikdə 879 milyon dollar).
Nəhayət, 2024-cü ilin ilk 11 ayında ölkədən meyvə-tərəvəz ixracı 628 milyon dolllar, pambıq ixracı 197 milyon dollar olmaqla, ümumilikdə 825 milyon dollar olub. Yaxın illərdə bu rəqəmlərin 900 milyon və ya 1 milyard dollara çatacağı şübhə doğurmur.
Ekspert qeyd edir ki, kənd təsərrüfatından gəlirlərin qarşıdakı illərdə sürətlə artması gözlənilir. «Məsələ bundadır ki, Azərbaycanın aqrar sahədən ixracının əsasını meyvə-tərəvəz məhsulları təşkil edir. İsti iqlim Azərbaycana bu məhsulların erkən baxarına daxil olmağa və daha yüksək gəlir əldə etməyə imkan verir. Hazırda ölkədə çoxsaylı yeni bağların salındığını nəzərə alanda qarşıdakı illərdə ixracan 20%-ə yaxın artacağını proqnozlaşdırmaq mümkündür».
Emal sənayesi
Neftə tələbatın azalması müşahidə edilsə də, bu onun yanacaq kimi istifadəsinə aiddir, neft və qaz əvvəlki kimi çoxsaylı emal məhsulları üçün əsas xammaldır. «Azərbaycanda son illər kimya sənayesinin sürətli yenilənməsi, o cümlədən gübrə zavodunun tikintisi, dünyaya sənaye üçün birinci tələbat malları sayılan kimyəvi məhsulları və gübrəni satmağa şərait yaradıb. Buraya gübrə, plasmass və kimya məhsulları aiddir» - deyə Xıdır Səfərov bildirir.
2021-ci ildə bu məhsulların ölkəmizdən ümumi ixracı 800 milyon dolları keçib. Belə ki, xaricə 121 milyon dollarlıq gübrə, 442 milyon dollarlıq plasmass və ondan hazırlanan məhsullar və 245 milyon dollarlıq kimya məhsulları ixrac edilib (birlikdə ixrac 812 milyon dollar).
2022-ci ildə bu 3 məhsulun ümumi ixracı 1 milyard dollara yaxınlaşıb – 984 milyon dollar. 2023-cü ildə bu rəqəm 792 milyon dollar, 2024-cü ilin ilk 11 ayında isə 740 milyon dollar olub.
Turizm, pandemiya, turizm
Xaricə ixrac təkcə məhsul satışından ibarət deyil, bura xidmətlər də aiddir. Əsas ixrac sahələrdən biri də, turizm sənayesidir. 2020-ci ildə baş verən pandemiya ərəfəsində Azərbaycan turizmi yaxşı sürət yığmışdı və gəlirlər artmaqda idi. Pandemiyadan sonra isə bu sahədə sarsıdıcı çöküş baş verdi, indi turizm sektoru yenidən dirçəlməyə başladı. Hətta quru yollarının bağlı olması ölkəyə turist axınının gücləməsinə mane olmayıb.
Belə ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2 milyon 412 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 faiz çox turist gəlib. Bu 2023-cü ilin bütün il boyu səfərlərindən daha artıqdır.
Əhəmiyətli məqam odur ki, ölkəmizə Avropa İttifaqından gələn turistlərin sayı 37,3 faiz artaraq 106 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı isə 25,3 faiz artaraq 400 min nəfərə yaxınlaşıb.
Bu ilin ilk 11 ayında xarici turistlər ölkədə 3 milyard 137 milyon manat vəsait xərcləyiblər, bu bütün ötən ildən 700 milyon manat artıqdır. 2024-cü ilin sonunadək isə bu məbləğin 2 milyard dolları keçəcəyi şübhə doğurmur.
İşgüzar səfərlərə gələnlərin xərclədiyi vəsait 40% artaraq 400 milyon manatı keçib. Azərbaycana istirahəğ və əyləncə üçün gələnlərin xərcləri isə 500 milyon manat artaraq 1,5 milyard dolları keçib.
Ekspert burada Azərbaycana xarici turistlərin cəlb olunması üçün daha bir perspektivli istiqaməti qeyd edir, bu - müalicə turizmidir. Bu sahə hər il daha çox gəlir gətirməyə başlayıb. 2022-ci ildə Azərbaycan müalicə turizmindən cəmi 14 milyon manat gəlir əldə etdiyi halda, 2023-cü ildə bu rəqəm 33 milyon manata yüksəlib. 2024-cü ilin ilk 11 ayında isə bu sahədən gəlirlər artıq 41 milyon manata yüksəlib.
Ekspertin sözlərinə görə, bu sahədə stimullaşdırıcı tədbirlər görməklə müalicə turizmindən gəlirləri bir neçə dəfə artırmaq olar. «Məsələ bundadır ki, hazırda müalicə turizmi əsasən sanatoriya xidməti üçün gələnlərin üzərində dayanır, bura əməliyyat və plastik cərrahiyyə xilmətlərini də əlavə etməklə Mərkəzi Asiya ölkələrindən əlavə turistlər və gəlirlər cəlb etmək mümkündür. Qardaş Türkiyə artıq bu istiqamətdə ciddi uğurlar əldə etməkdədir. Azərbaycan da Türkiyə təcrübəsindən faydalana bilər».