Dünya birjalarında hərracların başlanması ilə neft sürətli ucuzlaşmasın davam etdirib.
FED.az xəbər verir ki, Bakı vaxtilə saat 4.30-da Asiya birjalarında Brent neftinin qiyməti may ayına olan müqavilələr üzrə 33% azalaraq əvvəlcə 35 dollara, səhər saatlarında isə 33,6 dollara enib. Bu Brent neftinin 2016-ci il fevral ayından bəri ən aşağı qiymətdir.
“WTI” (West Texas Intermediate) markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 27,1% azalaraq 32,48 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin görüşünün nəticəsiz başa çatması, koronavirusun dünyada yayılması “qara qızıl”ın qiymətinə mənfi təsir edib.
OPEC neft hasilatının gündəlik daha 1,5 milyon barrel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təkliflə çıxış edib. Lakin, Rusiya bu təklifə qarşı çıxıb.
Nəticədə artıq martın 7-dən, şənbə günündən etibarən Səudiyyə Ərəbistanı neftin qiymətində kəskin endirimə başlayıb.
Lakin bu da son hədd deyil.Goldman Sachs Group Inc qiymətlərin 1 barrel üçün təxminən 20 dollara düşə biləcəyini proqnoz edir.
Neft qiymətlərinin kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına da ciddi təsiri ola bilər. Azərbaycanın dövlət büdcəsi və Neft Fondunun 2020-ci il büdcəsində gəlirlər 1 barrel üçün 55 dollardan götürülüb. Neftin qiymətindəki enmə davaçlı olsa büdcədə problemlərin yaranacağı istisna deyil. Xatırladaq ki, 2015-ci ildə məhz neftin qiymətindəki kəskin enmə nəticəsində Azərbaycan hökuməti devalvasiyaya getmişdi.