Bu ilin yanvar-may aylarında Azərbaycan xaricdən ümumi dəyəri 183,8 milyon dollar olan 401 min 157 ədəd smartfon idxal edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 % çox, kəmiyyət olaraq – 13 % azdır.
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycana xaricdən ümumi dəyəri 145,9 milyon dollar olan 461 min ədəd smartfon gətirilmişdi.
Azərbaycana smartfonların əksər hissəsi Çin, Vyetnam və Hindistandan gətirilir.
Belə ki, bu il yanvar-may aylarında Azərbaycan Çindən 139,5 milyon dollar dəyərində (1 il əvvəlki göstəricidən 26 % çox) 297 min 114 ədəd (-19 %), Vyetnamdan 38,2 milyon dollar dəyərində (+21 %) 95 min 177 ədəd (+14 %), Hindistandan 5 milyon 960 min dollar dəyərində (+82 %) 8 min 730 ədəd (+39 %) smartfon alıb.
Tailand və Cənubi Koreyadan isə cəmi 116 ədəd smartfon gətirilib.
Bahşa sözlə, Azərbaycana xaricdən gətirilən smartfonların 74%-i Çindən, 24%-i Vyetnamdan, 2% isə Hindistandan gətirilib.
Hesablamalar göstərir ki, xaricdən gətirilən smartfonlar kəskin bahalaşıb.
Belə ki, bu il xaricdən gətirilən smartfonların orta qiyməti 458 dollar olub.
Çindən gətirilən smartfonların orta qiyməti 470 dollar, Vyetnamdan gətirilənlərin orta qiyməti 401 dollar, Hindistandan gətirilən smartfonların orta qiyməti isə 687 dollar olub.
Xatırladaq ki, ötən il ölkəyə gətirilən smartfonların orta qiyməti 317 dollar olmuşdu.
Çindən gətirilən smartfonların orta qiyməti 300 dollar, Vyetnamdan gətirilənlərin orta qiyməti 378 dollar, Hindistandan gətirilən smartfonların orta qiyməti isə 523 dollar olmuşdu.
Başqa sözlə, son bir ildə Azərbaycana Çindən gətirilən smartfonların orta qiyməti 170 dollar və 57%, Vyetnamdan gətirilənlərin orta qiyməti 23 dollar və ya 6%, Hindistandan gətirilən smartfonların orta qiyməti isə 164 dollar və ya 31% bahalaşıb.
Ümumilikdə ölkəyə gətirilən smartfonların orta qiyməti 141 dollar və ya 44% bahalaşıb.














