Bu günə qədər Azərbaycanda 73,4 min nəfərə 5,4 milyard manat ipoteka krediti verilib.
Azərbaycanda ipoteka kreditlərinin məbləği 4 milyard manatı keçdi
FED.az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.
Onun sözlərinə görə, bunun təxminən 80 %-i Fondun (dövlət) xətti ilə, 20 %-i isə bankların daxili ipoteka proqramları üzrə verilib.
"Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, bankların kredit portfelində ipoteka kreditlərinin xüsusi çəkisi 15,2 %-dir", - deyə Fond rəsmisi əlavə edib.
Bundan başqa, R.Abdullayev deyib ki, Fondun zəmanət mexanizmi tətbiq edildikdən sonra, 2018-ci ildən etibarən ümumi məbləği 150 milyona yaxın manat olan 1 571 zəmanətli ipoteka krediti verilib: "Hazırda 1 284 ədəd, 753 milyon manatlıq zəmanətli kredit portfelinə xidmət göstəririk. Eyni zamanda, portfel zəmanəti mexanizmi çərçivəsində 451 kredit mövcuddur və onların ümumi dəyəri 80 milyon manatdır. Ölkə Prezidentinin 9 iyun 2026-cı il tarixli fərmanına əsasən, ipoteka kreditlərinə zəmanət və faiz subsidiyasının verilməsi mexanizmi İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-yə həvalə edilib. Bu addım iqtisadi səmərəliliyin artırılması və dövlət xidmətlərinin optimallaşdırılması məqsədilə atılıb. Yeni kreditlərə zəmanətlərin və faiz subsidiyalarının verilməsini artıq səlahiyyət verilmiş yeni qurum həyata keçirir, mövcud portfelə isə xidmət göstərilməsini davam etdiririk. Fondun adının dəyişdirilməsinə gəlincə, hazırda bu fəaliyyət davam etdiyi üçün təşkilatın adının dəyişdirilməsi nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı plan olarsa, ictimaiyyətə mütləq məlumat veriləcək".
"İpoteka kreditlərini alanlarda 18–29 yaş qrupunun payı 33 %, 29–35 yaş qrupunun payı 34 %, 35 yaşdan yuxarı şəxslərin payı isə 33 % təşkil edir. Beləliklə, kreditlərdən yararlananların 67%-i gənclər və gənc ailələrdir. Regionlarda verilmiş ipoteka kreditlərinin payı isə 23 % təşkil edir. Ailə vəziyyətinə görə kredit alanların 67 %-i evli, 33 %-i subay şəxslərdir. Məşğulluq baxımından isə kreditlərin 42%-i qeyri-dövlət sektorunda, 58%-i dövlət sektorunda çalışan vətəndaşlara verilib. 2020–2026-cı illər ərzində Fondun təqdim etdiyi alətlər hesabına faydalananların orta illik sayı 7 300-dən çox olub", - deyə o əlavə edib.














