Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tankerin naməlum mərmi ilə vurulması və ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturunu bombalamaqla hədələməsindən sonra neft qiymətləri cümə axşamı yüksəlib.
FED.az xəbər verir ki, Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) “X” sosial şəbəkəsində bildirib ki, tanker Əl-Şuqayq şəhərindən təxminən 70 dəniz mili cənub-qərbdə naməlum mərmi ilə vurulub. Hücum gəmidə yanğına səbəb olub və heyət alovun söndürülməsi üçün mübarizə aparıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.
“Brent” markalı neftin fyuçersləri 4% bahalaşaraq bir barel üçün 97,84 dollara yüksəlib (Bakı vaxtı ilə saat 11?50-yə olan məlumat).
Hücum Trampın Tehranın Hörmüz Boğazında gəmiyə hər dəfə hücum edəcəyi təqdirdə ABŞ-nin İrandakı bir körpünü və ya elektrik stansiyasını məhv edəcəyinə dair xəbərdarlığından bir neçə saat sonra baş verib. Bu bəyanat ABŞ ilə İran arasında atəşkəsin pozulmasından sonra gərginliyin daha da artdığına işarə edib.
“Bundan sonra İran İslam Respublikası Hörmüz Boğazında hər hansı gəmiyə raket, reaktiv mərmi, pilotsuz uçuş aparatı və ya başqa bir vasitə və silahla atəş açdığı hər dəfə ABŞ bir körpünü və ya elektrik stansiyasını bombalayaraq məhv edəcək”, – Tramp bildirib.
İran isə Vaşinqtonun belə zərbələr endirəcəyi təqdirdə regiondakı ABŞ ilə əlaqəli infrastruktura və enerji obyektlərinə cavab hücumları təşkil edəcəyi barədə xəbərdarlıq edib.
“Əgər amerikalılar İranda bir körpünü və ya elektrik stansiyasını hədəfə alsalar, İran da öz növbəsində ABŞ-nin maraqlarının olduğu enerji obyektləri də daxil olmaqla, regiondakı infrastrukturu və körpüləri vuracaq”, – adı açıqlanmayan İran hərbi mənbəsi dövlətə məxsus “Tasnim” xəbər agentliyinə bildirib.
ABŞ-nin dövlət katibi Marko Rubio çərşənbə günü İranın Vaşinqtonla razılığa gəlməyə “ciddi yanaşmadığını” deyib. O, eyni zamanda ABŞ-nin Yaxın Şərqdə “diplomatiyaya sadiq qaldığını” vurğulayıb.
“HSBC” çərşənbə günü yaydığı qeyddə bildirib ki, neft qiymətlərindəki son yüksəliş ABŞ–İran atəşkəsinin pozulmasından sonra Hörmüz Boğazı ilə bağlı narahatlıqların yenidən güclənməsini əks etdirir. Bank xəbərdarlıq edib ki, bundan sonrakı vəziyyət diplomatiyanın proqnozlaşdırıla bilən gəmi hərəkətini bərpa edib-etməyəcəyindən asılı olacaq.
“İyulun 7–8-dən etibarən Hörmüz Boğazından keçən gəmilərə İranın hücumları ABŞ-nin cavab zərbələrinə səbəb olduğu üçün atəşkəs tədricən pozulmağa başlayıb”, – bankın neft və qaz üzrə baş qlobal analitiki Kim Fustye bildirib.
“Əsas məsələ hələ də həllini tapmayıb: keçidə nəzarət hansı qaydada və kim tərəfindən həyata keçiriləcək? Geriyə nəzər saldıqda görünür ki, ABŞ-nin idarə etdiyi Oman marşrutu ilə gəmi hərəkəti artdıqca bu vəziyyət İranın maraqlarına bir o qədər az uyğun gəlirdi”, – Fustye əlavə edib.














