Bu gün Hyuston şəhərində GL Group beynəlxalq inkişaf strategiyasının bir hissəsi olaraq Amerika Birləşmiş Ştatlarında fəaliyyətə başladığını elan edib.
FED.az xəbər verir ki, şirkət eyni zamanda Bill Pardyunu Şimali Amerika üzrə İcraçı Vitse-Prezident vəzifəsinə təyin edib. O, GL Group-un regiondakı əməliyyatlarına, strateji inkişafına və genişlənməsinə rəhbərlik edəcək. Bu mühüm mərhələ GL Group-un ABŞ enerji bazarına uzunmüddətli sadiqliyini nümayiş etdirir və beynəlxalq səviyyədə tanınan enerji şirkəti kimi mövqeyini daha da möhkəmləndirir.
Cənab Pardyunun neft-qaz kəşfiyyatı və hasilatı sənayesində 30 ildən artıq təcrübəsi var. Onun peşəkar fəaliyyəti lay mühəndisliyi, yataq əməliyyatları, aktivlərin satın alınması, biznesin inkişafı və digər rəhbər vəzifələr üzrə geniş təcrübəni əhatə edir. O, əmək fəaliyyətinə “Meridian Oil/Burlington Resources” şirkətində hasilat və lay mühəndisi kimi başlayıb, daha sonra ailə investisiya ofisinə məxsus özəl neft-qaz şirkətində, “Enduro Resource Partners” və “Encore Acquisition Company” şirkətlərində yüksək rəhbər vəzifələrdə çalışıb. Karyerası boyunca hasilat aktivlərini idarə edib, çoxprofilli komandalara rəhbərlik edib və ABŞ-ın bir sıra aparıcı neft-qaz hövzələrində kəşfiyyat və hasilat imkanlarının qiymətləndirilməsinə və inkişaf etdirilməsinə töhfə verib.
O, Texas Texnologiya Universitetində Neft-Qaz Mühəndisliyi üzrə bakalavr, Texas Xristian Universitetində isə Biznesin İdarə Edilməsi üzrə magistr dərəcəsi alıb. Cənab Pardyu, həmçinin Texas ştatında lisenziyalı peşəkar mühəndisdir (P.E.) və Neft Mühəndisləri Cəmiyyətinin (SPE), Müstəqil Peşəkar Yer Elmləri Mütəxəssisləri Cəmiyyətinin (SIPES), eləcə də Texas Texnologiya Universitetinin Neft-Qaz Mühəndisliyi Akademiyasının fəal üzvüdür.
Cənab Pardyu yeni vəzifəsində birbaşa Qrupun Baş İcraçı Direktoruna hesabat verəcək və “GL Group”-un İcraçı Rəhbərlik Komandasının üzvü olacaq.
“GL Group” haqqında:
“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. “GL Group” və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.






![GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini - [red]ELAN EDİR[/red] | FED.az](/upload/news/small/683126.jpeg)
![GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini - [red]ELAN EDİR[/red] | FED.az](/upload/news/small/2119781.jpeg)









