Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun rəhbərliyi ilə deputatlardan ibarət nümayəndə heyəti GL Group-un fəaliyyəti ilə tanış olmaq məqsədilə onun afilə şirkəti olan olan Salyan Oil Limited-in Salyan rayonunda yerləşən “Kürsəngi” və “Qarabağlı” neft-qaz yataqlarına, həmçinin şirkətin sahə ofisinə səfər ediblər.
FED.az xəbər verir ki, qonaqlar Salyandakı neft yataqlarında qazma işlərindəki 14 illik fasiləyə son qoyan, 4000 metrlik vertikal quyunun qazıldığı sahəyə baş çəkiblər. Millət vəkilləri proqrama daxil olan 5000 metrlik dərin vertikal quyu və Azərbaycanda quruda ilk dəfə olaraq qazılacaq horizontal hissəsi ən azı 400 metr olacaq 4400 metrlik horizontal quyu barədə ətraflı məlumat alıblar.
Millət vəkilləri “Qarabağlı” yatağında yerləşən 6 saylı sahəyə baş çəkərək burada aparılan abadlıq işləri ilə tanış olublar. Onlar “Qırmızı Kitab”a düşən yulğunkimilər fəsiləsindən olan Tamariks ağacına göstərilən xüsusi qayğının şahidi olublar. Deputatlara 6 saylı sahədə yerləşən bütün neft mancanaqlarının elektrik enerjisi təminatının yaxın gələcəkdə bərpa olunan enerji mənbələrindən təmin olunması ilə bağlı plan haqqında məlumat verilib. Qonaqlar həmçinin GL Group-un afilə şirkəti olan “GL Technical Services” şirkətinə məxsus geofiziki və qaldırıcı avadanlıqlara da baxış keçiriblər. Bildirilib ki, şirkət ölkənin “yaşıl gündəliyinə” uyğun olaraq bütün qaldırıcı qurğuları Avro-5 standartlarına uyğun şəkildə əldə edib və bunun nəticəsində illik karbon dioksid (CO₂) emissiyalarını 24% azaldıb. Milli Məclis üzvləri daha sonra Salyan Oil Limited-in yeni inzibati binasında istifadəyə verilmiş Monitorinq Mərkəzinin real vaxt rejimində müşahidə olunan məlumatlara fasiləsiz çıxış imkanları ilə tanış olublar. Bundan sonra görüş dəyirmi masa arxasında davam etdirilib. Qonaqlara GL Group-un fəaliyyətinin müxtəlif istiqamətləri barəsində ətraflı məlumat verilib.
GL Group-un Texniki Funksiyalar və Beynəlxalq Əməliyyatlar üzrə Baş Vitse-Prezidenti Gilbert Büyler qrupun Azərbaycanda və Türkiyədə istehsalatda qazandığı nailiyyətlərdən, tətbiq olunan qabaqcıl texnologiyalardan ətraflı söhbət açıb.
GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov Milli Məclis üzvlərinin GL Group-a səfər təşəbbüsünün yüksək qiymətə layiq olduğunu qeyd edib. O vurğulayıb ki, bu kimi təşəbbüslər parlament ilə özəl sektor arasında qarşılıqlı əməkdaşlığa əlavə stimul verir.
“GL Group” haqqında:
“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. GL Group və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.