““Azərenerji” ASC-nin tədbirlər planına əsasən may ayınadək Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası yenidən qurulacaq”.
Eləcə də bax: Prezidentin sədrliyi ilə müşavirə keçirilib - TAM MƏTN
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklindəki müşavirədə bildirib. O qeyd edib ki, bu məqsədlə yüksək gərginlikli əlavə xətt çəkilir, həmçinin yarımstansiyanın gücü qaldırılır:
“Cənab Prezident, Şuşa şəhərinə, Siz qeyd etdiyiniz kimi, 75 kilometr məsafədə 110 kilovoltluq 2 dövrəli elektrik verilişi xəttinin tikintisi həyata keçirilir. Növbəti mərhələdə isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq. Bu ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanmış proqramda SOCAR tərəfindən müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin çəkilməsi də təklif olunur”.
Nazir həmçinin vurğulayıb ki, Prezidentin tapşırığına əsasən ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud yaşıl məkan konsepsiyasının hazırlanmasına başlanılıb:
“Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır. İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4000 meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı vardır. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılıb. İlkin məlumatlara görə, bu stansiyaların sayı 30-a yaxındır, lakin əksəriyyəti yararsız hala salınıb. Üç stansiyada artıq bərpa işlərinə başlanılıb. Yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır. Cənab Prezident, Siz qeyd etdiyiniz kimi, Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisinin başa çatdırılması bu ərazilərin enerji təminatına öz töhfəsini verəcək”.