Azərbaycanda yaşıl enerji layihələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır, Günəş və külək elektrik stansiyalarının sayı artır. Bəs sıravi vətəndaş öz evinə Günəş paneli quraşdıra bilərmi? Bu, nə qədər xərc tələb edir və aylıq elektrik xərclərinə nə qədər qənaət etmək mümkündür? Bu sahədə qanunvericilik nə deyir, lisenziya tələb olunurmu?
"Hər bir vətəndaş günəş enerjisi sistemini qura, artıq enerjini sata bilər"
FED.az xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov mövzu ilə bağlı sualları cavablandırıb.
S.Qurbanov qeyd edib ki, hazırda Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, hər bir vətəndaş öz fərdi yaşayış evinin damında və ya həyətində Günəş panelləri quraşdıra bilər:
"Hətta qəbul etdiyimiz qanunvericiliyə görə, istehsal etdiyi, lakin istifadə etmədiyi elektrik enerjisini müəyyən şərtlərlə dövlətin elektrik şəbəkəsinə ötürərək satışını həyata keçirə və gəlir əldə edə bilər. Bununla bağlı həm qanunvericilik, həm də tətbiq mexanizmini müəyyən edən normativ aktlar mövcuddur. Biz 2021-ci ildə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanunu qəbul etdik. Həmin qanunda ilk dəfə "aktiv istehlakçı" anlayışı təsbit olundu. Aktiv istehlakçı dedikdə, elektrik enerjisindən istifadə etməklə yanaşı, Günəş, külək və digər bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən fiziki və ya hüquqi şəxs nəzərdə tutulur. Yəni adi vətəndaş da, hüquqi şəxs də aktiv istehlakçı statusuna malik ola bilər.
Lisenziyaya gəlincə, qanunvericiliyə əsasən, gücü 150 kilovatadək olan bərpaolunan enerji qurğuları üçün elektrik enerjisinin istehsalı məqsədilə lisenziya tələb olunmur. Bu göstərici fərdi yaşayış evləri üçün kifayət qədər yüksək həddir. Məsələn, orta statistik bir ev təsərrüfatının elektrik tələbatını ödəmək üçün adətən 3-10 kilovat gücündə Günəş elektrik sistemi kifayət edir. Buna görə də fərdi evlərin böyük əksəriyyəti lisenziya tələb olunmayan kateqoriyaya daxildir. Qanunvericilik, həmçinin imkan verir ki, vətəndaş istehlak etmədiyi elektrik enerjisini müqavilə əsasında elektrik şəbəkəsinə ötürsün. Bu mexanizm artıq qanunvericilikdə öz əksini tapıb".
Deputat qeyd edib ki, Vergi Məcəlləsində müəyyən güzəştlər nəzərdə tutulub:
"Amma konkret maddəni dəqiqləşdirmək lazımdır. Ona görə də bu hissə ilə bağlı dəqiq maddə nömrəsi göstərilmədən fikir bildirmək istəməzdim. Qiymətlərə gəldikdə isə, burada dəqiq rəqəm söyləmək düzgün olmaz. Günəş panellərinin və avadanlıqların qiyməti bazarda istifadə olunacaq sistemin gücündən, istehsalçıdan, invertordan, quraşdırma xərclərindən və digər amillərdən asılı olaraq dəyişir. Ona görə də konkret məbləğ səsləndirmək peşəkar yanaşma olmaz. Bunun üçün bazar qiymətləri ayrıca araşdırılmalıdır. Əsas məsələ ondan ibarətdir ki, vətəndaş istifadə etmədiyi enerjini şəbəkəyə ötürə bilir və bunun hüquqi mexanizmi yaradılıb.
Bu gün Qarabağda həyata keçirilən "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində tikilən evlərin əksəriyyətində artıq Günəş panelləri quraşdırılıb. Bununla da həmin yaşayış məntəqələrində bərpaolunan enerji mənbələrindən, xüsusilə Günəş enerjisindən aktiv istifadə edilir. Qanunvericilik də buna tam imkan yaradır. Vətəndaşlar bu imkanlardan istifadə etsələr, həm öz elektrik xərclərini azalda, həm də artıq istehsal etdikləri enerjini şəbəkəyə ötürə bilərlər. Təəssüf ki, bir çox insan bu imkanlardan xəbərsizdir".
Deputat əlavə edib ki, bundan başqa, enerji səmərəliliyi istiqamətində də qanunvericilik təşəbbüsləri irəli sürülüb:
"Məsələn, közərmə lampalarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı qəbul edilən dəyişikliklərin əsas məqsədi enerjiyə qənaəti təşviq etməkdir. Vətəndaş bəzən qiyməti ucuz olduğu üçün adi közərmə lampasını seçir. Halbuki LED lampalar ilkin mərhələdə daha baha olsa da, həm elektrik enerjisini xeyli az sərf edir, həm də istifadə müddəti dəfələrlə uzun olur. Nəticədə uzunmüddətli dövrdə həm vətəndaş üçün iqtisadi baxımdan daha sərfəli olur, həm də enerji səmərəliliyinin artırılmasına və ətraf mühitin qorunmasına töhfə verir". (Oxu.az)














