“Bizdə utilizasiyaya ehtiyacı olan avtomobillərin bir çoxu həyətlərdə “kubik”lərin üzərindədir və heç çoxunun təkərləri yoxdur. Onlardan zibil qutuları kimi istifadə edirlər. Bizim üçün əsas olan onların qeydiyyat orqanından çıxarılmasıdır”.
Utilizasiyaya verilən avtomobillər üçün birdəfəlik ödənişlər ödəniləcək - MƏBLƏĞ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində istismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.
O qeyd edib ki, nəqliyyat sahiblərinə utilizasiya ilə bağlı təbliğat da vacib məsələdir.
E.Abbasov, həmçinin utilizasiya prosesində fondun 50-60 milyon manat vəsait toplayacağı ilə bağlı məsələyə münasibət bildirib: “Fonda 60 milyon manat vəsait gəlsə, biz sevinərik. Düzü, mən o qədər məbləğ gözləmirəm. Vəsait artdıqca məbləğlərə də baxmaq olar. Bu, daxil olan vəsaitlərdən asılıdır. Burada növbəlilik prosesi təmin olunacaq və proqram təminatı şəffaf şəkildə icra olunacaq”.
Sədr əlavə edib ki, “Təmiz Şəhər” olaraq qurumun əsas funksiyası fondun idarəedilməsi, nəzarətin təşkili, eyni zamanda utilizatorların reyestrinin qəbul olunmasıdır: “Bu prosesdə çalışacağıq ki, utilizatorları cəlb edəndə onlar müvafiq maddi texniki baza ilə təmin olunsun. Müvafiq razılaşmalar, lisenziyalar olmalıdır. Onlara nəzarət edəcəyik. Ondan sonra sentyabrın 1-dən biz bu proqramı işə salmağa hazır olmalıyıq. “Təmiz Şəhər” özü utilizator ola bilməz. Biz dövlət müəssisəsiyik. Bu məsələdə biz utilizator olaraq özəl təşkilatları cəlb edəcəyik. Bu da əlavə iş yerinin yaradılmasıdır. Amma “Təmiz Şəhər” olaraq biz nəzarət edəcəyik və ilin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyinə müvafiq hesabatları təqdim edəcəyik”.
Onun sözlərinə görə, “Təmiz Şəhər” ASC-nin strukturunda dəyişiklik edilib: “Artıq bizdə nəqliyyat vasitələrinin utilizasiyası şöbəsi fəaliyyət göstərir. Həmin şöbənin müdiri Mirzə Laçınovdur”.