Paytaxtdakı tarixi binaların estetik görünüşünə xələl gətirən reklamların qanunvericiliyin tələblərinə uyğun olaraq yeniləri ilə əvəzlənməsi prosesi mərhələli şəkildə davam etdirilir.
Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”də dəyişiklik edilməsi haqqında 6 dekabr 2023-cü il tarixli 437 nömrəli qərar qüvvəyə mindikdən sonra şəhərin mərkəzi küçələrindəki obyektlərin üzərindəki bəzi reklamlar yeniləri ilə əvəzlənib.
FED.az xəbər verir ki, paytaxt ərazisindəki binaların qorunması, onların təhlükəsiz şəkildə istismarının təmin olunması, o cümlədən tarixi binaların və memarlıq abidələrinin xüsusiyyətləri, texniki parametrləri və memarlıq-estetik görünüşü ilə ahəngdarlıq təşkil etməyən reklamların yayımlanmasının qarşısının alınması, bu sahədə infrastrukturun düzgün planlanması və yenilənməsi işləri Bakı şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Bakı Abadlıq Xidməti ilə birgə aparılır.
Tariximizə sahib çıxmaq və mədəni abidələrimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Bu səbəbdən də sahibkarlardan tarix və mədəniyyət abidələrini qorumaq və Dövlət Reklam Agentliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərdə fəal iştirak etmək xahiş olunur.