Ölkədə genişzolaqlı internetin sürətində durğunluq davam edir. “Ookla”nın bu ilin may ayına olan hesabatına görə, ölkədə median sürət 91,95 Mbit/s-dir. Halbuki ötən il 1 Gbit/s-lik infrastruktur qurulub. Layihənin ilkin hədəfi ölkədəki median sürəti 50 Mbit/s-nin üzərinə çatdırmaq idi və bu hədəf artıqlaması ilə yerinə yetirilib. Amma növbəti hədəf 200 Mbit/s-dir. Bu isə cari median sürətdən 2 dəfə yüksəkdir. Bu hədəf nə zaman reallaşa bilər?
FED.az xəbər verir ki, İKT üzrə ekspert Elvin Abbasovun fikirlərinə görə, konkret zaman kəsiyi demək çətindir: “Bu sual barəsində internet provayderlər və əlaqəli təşkilatlar düşünməlidir. Hazırda 250 Mbit/s sürət paketlərinin qiyməti əsas etibarilə 36 AZN-dir ki, bu da hər Mbit/s üçün 0,14 AZN deməkdir. İnternetin median sürətinin yüksək olduğu ölkələrin təcrübəsinə əsaslansaq, istehlakçıların 100 Mbit/s minimal paketlərdən ən az 250 Mbit/s və daha yüksək paketlərə keçid etmələri üçün hər Mbit/s-yə düşən məbləğin 0,11 AZN civarında və yaxud 28 – 30 AZN aralığında müəyyənləşdirilməsi durğunluğun qarşısını ala bilər”.
Ekspert əlavə edib ki, ölkədə internet istifadəçilərinin sürət tələbləri nəzərə çarpacaq dərəcədə dəyişib.
“Bir zamanlar ən geniş yayılmış seçim 30 – 50 Mbit/s aralığındakı paketlər idisə, bu gün həmin seqmentin abunəçiləri daha yüksəksürətli tariflərə miqrasiya edib. Hazırda ölkədəki genişzolaqlı internet abunəçilərinin 65%-i, yəni 1,5 milyonu 100 Mbit/s ilə 1 Gbit/s arasında sürət paketlərindən istifadə edir. 1 Gbit/s və üzəri paket istifadəçilərinin sayı 2023 – 2025-ci illər ərzində 22 dəfə artıb. Başqa sözlə, istifadəçilər tərəfindən “gizli tələb” var, amma provayderlər tərəfindən “sərfəli təklif” yoxdur”, – deyə Elvin Abbasov bildirib.
Ekspertin fikrincə, prosesi sürətləndirmək üçün provayderlər qurduqları GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) infrastrukturunun imkanlarından daha səmərəli istifadə etməli, 100 Mbit/s istifadəçilərinin ən azı 50%-nin 250 Mbit/s və daha yüksəksürətli, daha sərfəli paketlərə keçidini təşviq etməlidirlər.














