Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamının icrasını təmin etmək üçün sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamda məqsəd bu ərazilərlə görülən işlərin ehsabatlılığının təmin etməkdir.
Bu iş əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.
Belə ki, sərəncama əsasən Mərkəz proqramda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin effektiv təmini məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı” yaratmalıdır. Bunun üçün 3 ay vaxt verilib.
Portalda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təqdimatı əsasında Proqramda qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətlərini (illər üzrə bölgüsü), layihələrlə bağlı (texniki-iqtisadi, ekspertiza və s.) məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri layihələrə münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin ediləcək.
Mərkəz - Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini aparıb, nəticəsi barədə məlumatları ildə iki dəfə, hər ilin mart (2024-cü ildən) və sentyabr aylarının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Eləcə də proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsini aparıb, nəticəsi barədə məlumatları 2025-ci və 2027-ci illərin mart ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək nəzərdə tutulub.
Proqramda nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanlar (qurumlar) Sərəncamın 1.2-ci bəndində göstərilən məlumatlar ayda bir dəfə, hər ayın 5-dək Portalda yerləşdirilməlidir.
Bu işlərə dəstək vermək və portalın yaradılmasın maliyyələşdirmək üçün Maliyyə Nazirliyi, Nazirlər Kabinetinin İşlər İdarəsinə tapşırıqlar verilib
Bu Sərəncamın icrasına nəzarət isə Nazirlər Kabineti Aparatının rəhbərinə və Sənaye və energetika şöbəsinə həvalə edilib.