Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Baş Naziri Əli Əsədov ilə görüşüb.
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu - 32 DƏFƏ ARTIRIB
FED.az xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb. Bildirilib ki, tərəflər arasında söhbətin əsas mövzuları iki ölkə arasında strateji tərəfdaşlığının vacib istiqamətləri, o cümlədən çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq olub.
Bildirilib ki, Əli Əsədov İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və hökumət başçısı kimi onun Bakıya ilk rəsmi səfərinin əhəmiyyətini vurğulayıb.
Görüşdə ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə və birgə regional layihələrə də diqqət yetirilib, "Orta dəhlizin" yüklərin daşınması baxımından əhəmiyyəti qeyd edilib.
"Tərəflər iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində iki ölkənin hökumətlərarası iqtisadi komissiyasının xüsusi rolundan danışıb və görüşün yaxın vaxtlarda keçirilməsinin planlaşdırıldığını qeyd ediblər",- məlumatda bildirilib.
Həmçinin, regionda sabitliyin və sülhün bərqərar olunmasının xüsusi əhəmiyyəti və bu prosesdə konstruktiv dialoqun rolu vurğulanıb.
Baş nazir Kobaxidze Gürcüstan hökumətinin Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi prosesinə töhfə verməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
Söhbət zamanı İrakli Kobaxidze Əli Əsədovu Gürcüstana rəsmi səfərə dəvət edib. (Apa)