Azərbaycanda almazların gömrükdən keçirilməsi - Qaydası Dəyişir
Azərbaycanda emal edilməmiş almazların ölkəyə gətirilməsi və gömrük sərhədindən keçirilməsi zamanı yeni tələb tətbiq olunacaq.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı gömrük sahəsində bir sıra fərman və sərəncamlara dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Söhbət “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə prezidentin fərmanından gedir.
Fərmana əsassən edələn əsas dəyişiklik emal edilməmiş almazların gömrükdən keçirilməsi zamanı Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyinin tələb olunmasıdır.
Yeni qaydaya əsasən, dövlət sərhədinin buraxılış məntəqələrində tətbiq olunan “bir pəncərə” sistemi çərçivəsində emal edilməmiş almazlarla bağlı Dövlət Agentliyinin rəyi də nəzərə alınacaq.
Bununla əlaqədar Agentlik sərhəd-keçid məntəqələrində “bir pəncərə” prinsipi çərçivəsində iştirak edən dövlət qurumlarının sırasına daxil edilir.
Eyni tələb Dövlət Gömrük Komitəsinin fəaliyyətini tənzimləyən sənədlərdə də təsbit olunur. Beləliklə, gömrük rəsmiləşdirilməsi zamanı digər tələb olunan sənədlərlə yanaşı, qanunvericilikdə nəzərdə tutulan hallarda emal edilməmiş almazlara dair Agentliyin rəyi də təqdim edilməlidir.
Dəyişikliklər “Yaşıl dəhliz” və digər gömrük buraxılış sistemlərinə də şamil edilir.
Yeni tələblərə əsasən, emal edilməmiş almazların gömrük sərhədindən keçirilməsi zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi “Yaşıl dəhliz” sistemində də tələb olunan sənədlər sırasında nəzərə alınacaq.
Analoji dəyişiklik gömrük sistemində islahatlarla bağlı əvvəlki sənədlərə də edilib.
Fərmanda maraqlı məqamlardan biri yeni tələbin qüvvəyə minmə tarixidir.
Sənədə əsasən, dəyişikliklər Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minəcək.
Beləliklə, yeni mexanizm Azərbaycanın emal edilməmiş almazların beynəlxalq dövriyyəsinə nəzarəti nəzərdə tutan Kimberli Prosesi çərçivəsinə qoşulması ilə eyni vaxtda tətbiq olunacaq.













