Dövlət Gömrük Komitəsində sərhəd buraxılış məntəqələrində sıxlığın aradan qaldırılması üçün "növbə" sistemi yaradılır.
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin texnoloji innovasiyalar və statistika baş idarəsinin rəis müavini Azər Abasov deyib.
Onun sözlərinə görə, artıq yeni sistemin təqdimatı da keçirilib. ““Növbə” sisteminin mahiyyəti ondan ibarətdir ki, şəxslər istədikləri yerdə əvvəlcədən sistemdən qeydiyyatdan keçərək sərhəddəki sıxlıqla bağlı vəziyyəti öyrənə biləcək.
Daha sonra sərhəddən keçmək istədiyi vaxtı qeyd edəcək və rahatlıqla sərhədi keçə biləcək. Bu sistem həm vətəndaşın zamanına qənaət etməsinə, həm də gömrük sərhəd buraxılış məntəqəsində çalışanların işinin asanlaşdırılmasına xidmət edəcək”, - deyə Azər Abasov bildirib.