2018-ci ildə təkcə ölkəyə gətirilən malların yenidən qiymətləndirməsi nəticəsində xarici ticarətdə və gömrükdə 1,2 milyard dollarlıq əlavə vergi tutma bazası yaranıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin dekabrın 11-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard 924 milyon ABŞ dolları təşkil edib. Bunun 19 milyard 460 milyon dolları ixracın, 11 milyard 465 milyon ABŞ dolları isə idxalın payına düşür.
2017-ci illə müqayisə etdikdə 2018-ci ildə ölkəyə idxal 2 milyard 682 milyon dollar artıb.
Amma gömrük sədri bildirib ki, bu artımın heç də hamısı vergitutma bazası deyil. «Aparılan təhlillərin nəticəsi olaraq bildirmək istəyirəm ki, artan idxalın tərkibində strateji qızıl ehtiyatlarını artırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən imtiyazlı qaydada ölkə ərazisinə gətirilən, dövlət əhəmiyyətli 803.0 milyon dollar dəyərində qızıl külçələr, eyni zamanda, müxtəlif təsərrüfat subyektləri tərəfindən ölkəyə idxal olunan 300 milyon dollar məbləğində avadanlıq və mexaniki qurğular və digər imtiyazlı mallar təşkil edib».
S.Mehdiyev bildirib ki, xaricdən gətirilən malların yenidən qiymətləndirilməsindən (yəni invoys qiymətlərinə yenidən baxdıqdan - FED.az) sonra idxalın tərkibində vergitutma bazası 1 milyard 200 milyon dollar məbləğində artıb: «artıma səbəb gömrük orqanları tərəfindən malların real qiymətləndirmə əsasında qanunvericiliyə uyğun qaydada düzgün dəyərləndirilməsi olub».
Komitə sədri bildirib ki, 416 milyon manatlıq məhsulun isə imtiyaz hüququ olmadığı halda gömrükdən güzəştli qaydada keçirilməsinə cəhd edilib, amma bunun qarşısı alınıb.
Gömrük sədri prezidentə maraqlı rəqəmlər – AÇIQLADI
12:39
12 Yan 2019