Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarda vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Rusiyanın Ermənistana cari ilin iyul ayından etibarən külli miqdarda silah-sursat ötürməsi gündəmin əsas müzakirə mövzularından biridir.
FED.az xəbər verir ki, sözügedən mövzu Azərbaycan ictimai-siyasi dairələrini və ölkə əhalisini ciddi şəkildə narahat etməkdədir. Məsələyə ən yüksək səviyyədə ölkə prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da toxunub. Prezident İlham Əliyev bu mövzuda öz kəskin fikirlərini həmkarının diqqətinə çatdırıb və buna aydınlıq gətirilməsini tələb edib.
Belə ki, iyul ayının 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində təxribata əl ataraq atəşkəsi pozması, dinc əhalini atəşə tutması fonunda rəsmi Moskva yenə də təcavüzkara dəstək verib.
Tovuz hadisələri baş verəndən dərhal sonra iyulun 17-dən etibarən "İl 76" təyyarələri vasitəsiylə Rusiyadan Ermənistana Mozdok-Minvod-Aktau -Türkmənbaşı- Mehri- İrəvan istiqamətində silahların daşınması həyata keçirilir. Sözügedən marşrutların hərəkət trayektoriyası ilə bağlı faktlar da Azərbaycan mətbuatında ciddi şəkildə əks olunub.
İllərdir bəlli olan Rusiyanın Ermənistanı himayə etməsi məsələsi artıq inkaredilməz faktlarla da yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.
Avqustun 25-dən etibarən də hər gün Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan istiqamətində silah daşınmasıyla bağlı uçuşlar həyata keçirilir.
Azərbaycan tərəfi bu mövzuda qətiyyət nümayiş etdirərək mövzuyla bağlı kəskin reaksiyalarını verməkdə davam etməkdədir. Elə bu gün Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də məsələylə bağlı bildirib ki, Rusiya tərəfindən bu xüsusda verilən açıqlamalar hələ ki Azərbaycanı tam şəkildə qane etmir:
"Bizim suallarımız açıq olaraq qalmaqdadır. Bu məsələlərdə biz daha səmimi və açıq şəkildə məsələnin izah olunmasını gözləyirik. Nəyə görə, hansı əsaslarla və məqsədlərlə Ermənistanın intensiv şəkildə silahlandırılması davam edir?! Ermənistanın Tovuz hadisələrindəki törətdiyi təcavüzü, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi açıq şəkildə bu dövlətin xislətini göstərməkdədir. Ona görə də suallarımız açıq olaraq qalır. Guya ki bu uçuş reysləri vasitəsiylə Ermənistanda olan Rusiya hərbi bazası üçün tikinti materiallarının daşınmasıyla əlaqədar olan məqamlar da bizi qane etmir. Hesab edirik ki, tikinti materiallarının daşınması üçün intensiv şəkildə hava uçuşlarını həyata keçirilməsinə ehtiyac yoxdur. Bunun üçün daha effektiv və digər vasitələr də mövcuddur.
Son dövrdə müşahidələrimiz onu da deməyə əsas verir ki, Ermənistan ərazisindən Yaxın Şərq ölkələrinə intensiv şəkildə silah-sursatın daşınması həyata keçirilir. Bu xüsusilə Suriya istiqamətində olan uçuşların həyata keçirilməsiylə bağlıdır. Ermənistan Silahlı Qüvvələri Suriyada olan hərbi əməliyyatlarda iştirak edirlər. Bu əməliyyatlarda iştirak edən çox az sayda ölkələrdən biri də Ermənistandır. Bu istiqamətdə olan layihələri diqqət mərkəzində saxlamaq çox vacibdir. Azərbaycanın işğal olunmuş əraziləri var ki bu ərazilər də nəzarətdən kənardır və Ermənistan bundan da istifadə edir".
Prezidentin köməkçisi eyni zamanda son günlərdə Ermənistanda "opelçeniya" adı altında hərbiləşdirilmiş mülkilərdən ibarət hərbi qruplaşmaların yaradılması ilə bağlı qəbul olunmuş qərara da toxunub. O bildirib ki, bu qərar da Ermənistanda demoqrafiyaya bağlı olan kəskin böhran vəziyyətinin növbəti nümunəsi kimi qeyd edilməlidir:
“Bu da Ermənistan Silahlı Qüvvələrinin öz şəxsi heyətinin komplektləşdirilməsində üzləşdiyi ciddi çətinliklərin bilavasitə göstəricisidir.
Onlar mülki insanları müxtəlif hərbi təyinatlı dəstələrə cəlb edirlər. Bu eyni zamanda onu göstərir ki, Ermənistanın indiki rəhbərliyi bolşeviklərə xas olan bir formada özü üçün hərbi dəstələr yaratmağa çalışır. Ölkədaxili siyasətdə də bu hərbi dəstələrdən çirkin məqsədlər üçün istifadə edir. Tovuz hadisələrində də biz şahidi olduq ki, Ermənistan Silahlı Qüvvələri iki ölkənin sərhədi boyunca törətdiyi hərbi avantüra və Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli cavabları çərçivəsində onlar şəxsi heyəti komplektləşdirə bilmirlər. Ona görə də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən şəxsi heyəti həmçinin də Yaxın Şərq ölkələrindən olan muzdlu insanları ön xətdə yerləşdirməyə çalışırdılar. Ermənistanın da siyasəti ondan ibarətdir ki, ön xətdə muzdlular yerləşdirilsin. Onların hərbi əməliyyatlar nəticəsində ölməsi halında isə bu faktları sadəcə olaraq gizlədirlər. Çünki həmin şəxslər Ermənistan Silahlı Qüvvələrində qeydiyyatda deyillər. Nəticə etibarilə də bunu belə təqdim etmək istəyirlər ki, guya Ermənistan Silahlı Qüvvələrində itkilər yoxdur".