"İllərlə ortalıqda görünməyən İsgəndər Həmidov, Nemət Pənahlı və digərləri baş qaldırırlar"
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyevin müsahibəsi.
- Ötən ilin noyabrında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının iclasında iştirak etmək üçün Ermənistanın paytaxtı Yerevana getmişdiniz. Orada nə müşahidə etdiniz, onlar sülhə hazırdırmı?
- Bəli, QDİƏT Parlament Assambleyasının 52-ci sessiyası Ermənistanın paytaxtı Yerevanda keçirildi. Orada iştirakı çox istəməsək də, ölkənin vəziyyəti ilə tanış olmaq marağımız var idi. Mən ötən əsrin 80-ci illərində Yerevanda olmuşdum. 40 ilə yaxın vaxt keçsə də, Yerevanda təyyarədən enəndə elə təəssürat yarandı ki, elə bil, həmin illərdə olan şəhərdəyəm. Şəhərdə heç bir inkişafdan, abadlıqdan söhbət gedə bilməz. Müstəqil dövləti yox, Rusiyanın geridə qalmış bir əyalətini xatırladır. Əhalinin yaşayışının pis olması onların xarici görünüşündən, nimdaş paltarlarından, düşük əhval-ruhiyyələrindən aydın görünür. Bir neçə erməni ilə söhbətimiz zamanı Dağlıq Qarabağ məsələsində yumşalma, əksəriyyətin sülh arzusunda olduğunu hiss etdim. Öz növbəmdə, xalqımızın da sülh istədiyini, bunun üçün isə erməni qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılmasının və torpaqlarımızın geri qaytarılmasının başlıca şərt olduğunu izah etdim. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi "ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz" sözlərini bir daha diqqətə çatdırdım. Azərbaycanda talış, ləzgi, yəhudi və digər xalqların normal şəraitdə yaşadıqlarını qeyd edərək işğala son qoyularsa, ermənilərin də problemsiz yaşaya biləcəklərini başa saldım. QDİƏT Parlament Assambleyasının iclasına gəldikdə isə qeyd etməliyəm ki, sessiyanın sonunda nümayəndə heyətlərinə yubiley medalları təqdim olunmalı idi. Mən Ermənistan nümayəndəsinin əlindən medal almaq istəməyib təltifdən imtina etdim, sonra Türkiyə, Gürcüstan və Ukrayna nümayəndə heyətləri də medal almaqdan imtina etdilər. Assambleyanın növbəti iclası cari il iyunun 19-20-də Bakıda keçiriləcək.
- Ümumiyyətlə, Azərbaycanın qonşu ölkələrlə münasibətlərini necə qiymətləndirirsiniz?
- Ermənistan istisna olmaqla, bütün dövlətlərlə, o cümlədən qonşu Gürcüstan, Türkiyə, İran və Rusiya ilə normal münasibətlərimiz var. İşğalçı Ermənistanla isə heç bir münasibətdən söhbət gedə bilməz. Özlərinə saxta tarix düzəldən, qonşu dövlətlərə qarşı, mütəmadi olaraq, əsassız ərazi iddiaları sürən dövlətlə nə münasibət ola bilər? Çar Rusiyası tərəfindən erməni ailələri İrandan və Türkiyədən Azərbaycan ərazilərinə köçürülərkən xalqımız onlara həmişə yardım edib, dostluq münasibəti göstərib. Onlar isə fürsət düşdükcə öz nankor xislətlərini büruzə verirlər. 1978-ci ildə Dağlıq Qarabağ erməniləri Azərbaycan ərazilərinə köçürülmələrinin 150 illiyini qeyd edərək Ağdərə (keşmiş Mardakert) rayonunda xüsusi abidə qoymuşdular. İndi isə saxtakarlıqla həmin əraziləri özlərinin tarixi torpaqları elan edirlər. Hesab edirəm ki, düşmənə yalnız onun layiq olduğu münasibət göstərilməlidir.
- Bir neçə gün öncə Moskvada çeçenlərlə azərbaycanlılar arasında insident olub. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz? Sizcə təxribat ola bilərmi?
- Həmin insident ayrı-ayrı şəxslər arasında məişət mübahisəsi səviyyəsində baş verən hadisədir və xalqlarımız arasında münaqişə kimi qiymətləndirilə bilməz. Çeçen xalqı ilə Azərbaycan xalqı arasında həmişə dostluq-qardaşlıq münasibətləri olub. Qarabağ uğrunda gedən döyüşlərdə çeçenlər, o cümlədən onların liderlərindən biri olan Şamil Basayev bizim tərəfimizdə ermənilərə qarşı vuruşublar. Çeçenistanda baş verən hadisələr zamanı isə çoxsaylı çeçen ailələri Bakıya sığınıblar, xalqımız onlara hərtərəfli yardım göstərib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bütün Qafqazın şeyxidir, tez-tez Çeçenistanda dini liderlərlə, ağsaqqallarla görüşür. Prezident İlham Əliyevlə Çeçenistan Prezidenti Ramzan Kadırov arasında normal münasibətlər var. Hadisələrin sonrakı gedişi, xüsusilə insidentin şişirdilməsinə cəhdlər göstərilməsi burada kənar qüvvələrin marağı olduğunu göstərdi. Düşünürəm ki, bu hadisə ermənilərin hər iki xalqa qarşı yönəlmiş növbəti təxribatıdır.
- Eldar müəllim, bəzi deputat həmkarlarınız sosial şəbəkələrdə bəzi müxalifyönlü şəxslərin çıxışlarında təhqir, böhtan elementlərinin olduğunu iddia edərək sərt reaksiya verirlər. Siz bu barədə nə düşünürsünüz?
- Milli Məclisin deputatları xalqla sıx ünsiyyətdə olmalı, seçicilərinin problemlərinin həllinə yardımçı olmalıdırlar. Mən 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsinə daxil olan Zabrat, Maştağa, Nardaran, Bilgəh qəsəbəsindən deputat seçilmişəm. Müxalifətin keçirdiyi mitinqlərdə həmin qəsəbələrdən kiminsə iştirak etdiyini görə bilməzsiniz. Çünki seçicilərlə daim görüşürəm, ölkədəki mövcud durumu izah edirəm, görülən işləri diqqətə çatdırıram. Biz seçicilərə 1990-cı illərdə iqtidarda olub ölkəni xaos vəziyyətinə salanların heç bir sosial bazaları olmadığı halda, yenidən fəallaşmağa cəhd etmələrinin səmərəsiz olduğunu başa salırıq. İllərlə ortalıqda görünməyən İsgəndər Həmidov, Nemət Pənahlı və digərləri baş qaldırdığı kimi, xaricdə də bir qrup şəxs radikal çıxışlar edir, iqtidar nümayəndələrinin, ayrı-ayrı şəxslərin ünvanına təhqirlər, söyüşlər yağıdırırlar. Hesab edirəm ki, onlar hakimiyyət nümayəndələrinin yox, bütövlükdə Azərbaycan dövlətinin, xalqının düşmənləridir.
Onlar üçün vətən anlayışı yoxdur. Mən deputat fəaliyyətimlə əlaqədar tez-tez xarici ölkələrdə oluram, rus, erməni, gürcü və digər millətlərin nümayəndələrinin davranışına diqqət yetirirəm. Onların da aralarında öz hakimiyyətlərindən narazı olanlar, iqtidara qarşı mübarizə aparanlar var. Lakin heç biri bu radikallar kimi təhqirə, böhtana yol vermirlər. Söyüş söymək ən böyük tərbiyəsizlik, əxlaqsızlıq, vicdansızlıqdır. Belə “mübarizə” yolverilməzdir.
- Çıxış yolunu nədə görürsünüz? Bəzi deputatlar, məmurlar sosial şəbəkələrə girişi məhdudlaşdırmağı təklif edir...
- İnternetə, sosial şəbəkəyə girişin məhdudlaşdırılmasının tərəfdarı deyiləm. Hər şey qanunla tənzimlənməlidir. Bilirsiniz, müxalifətin hər bir demokratik dövlətdə olması vacibdir. Lakin müxalifət konstruktiv olmalı, hər şeyi öz istədiyi kimi qara rəngdə görməməlidir, müsbət işləri qiymətləndirib nöqsanları diqqətə çatdırmalıdır. Azərbaycandakı radikal müxalifət hələ də başa düşmür ki, İlham Əliyev seçicilərin 86.02 faizinin səsi ilə prezident seçilirsə, bu, həqiqətən də xalqın seçimidir. Seçkilər keçirilən zaman hamımız seçici aktivliyinin şahidi olmuşuq. Çətinlik hər bir dövlətdə var. Dünyada iqtisadi böhran baş qaldırırsa, Azərbaycana da təsir edir. Rusiyaya, İrana sanksiya tətbiq edilirsə, bu ölkələrlə iqtisadi əlaqələrimiz məhdudlaşır. Əsas odur ki, hakimiyyət mövcud çətinliklərin aradan qaldırılması üçün ardıcıl məqsədyönlü iş aparır. Ölkədə sabitlik bərqərar olub, lazımi islahatlar aparılır, regionların sosial-iqtisadi inkişafı ilə bağlı hər beş ildən bir qəbul edilən dövlət proqramları uğurla icra edilir, rayonların əksəriyyəti mərkəzdən dotasiya almadan öz hesablarına dolanırlar. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görülür, ordumuzun qüdrəti artır, yeni iş yerləri yaradılır, əhalinin rifah halı ilbəil yaxşılaşır.
Deputatı olduğum rayonun qəsəbələrində son illər görülən işləri sadalamaq xeyli vaxt aparar. Əhalinin su, qaz və işıqla təminatında heç bir çətinlik yoxdur. Yeni məktəblər, uşaq bağçaları tikilib, yolar salınıb, qəsəbələr abadlaşdırılıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Əhalini narahat edən problemli kredit məsələsi də həll edildi. Əsas ağrılı problemimiz olan işğal altındakı torpaqlarımızın azad olunacağına inamımız böyükdür. 2016-cı ilin aprel döyüşləri ordumuzun qısa müddətdə Dağlıq Qarabağı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa etmək iqtidarında olduğunu sübut etdi. Sülh danışıqları nəticə verməzsə, müharibə yolu ilə torpaqlarımızın işğaldan azad ediləcəyinə heç kimin şübhəsi yoxdur.
- Seçiciləriniz daha çox hansı məsələlərlə bağlı müraciət edirlər?
- Seçicilərimlə mütəmadi görüşlər keçirirəm. Mənə müxtəlif problemlərlə bağlı müraciət olur. Səlahiyyətim daxilində olanları özüm həll edirəm, mümkün olmayanları isə aidiyyəti dövlət qurumlarına yönəldirəm. Hesab edirəm ki, icra strukturlarının vətəndaşlara münasibəti dəyişməlidir, onlara edilən müraciətlərə həssaslıqla yanaşılmalıdır. Vətəndaşlar da müraciət edəcəkləri ünvanı düzgün seçməlidirlər. Evi yanan vətəndaş mənim qəbuluma niyə gəlməlidir ki? O bələdiyyəyə, icra nümayəndəsinə, rayon icra hakimiyyətinin başçısına müraciət etməlidir. Təsəvvür edin, zibil konteynerlərinin gətirilməsinə qədər mənə müraciət olunur. Mən də bununla bağlı Baş nazir Novruz Məmmədova məktub yazdım ki, hansısa formada köməklik olunsun.
- Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə münasibətiniz necədir? İşinizi koordinasiya edə bilirsinizmi?
- Adil Vəliyevlə yaxşı, işgüzar münasibətlərimiz var. O da işləyən insandır. Sabunçu rayonunda 2018-ci ildə yüksək göstəricilər əldə olundu. Rayonda geniş abadlıq işləri gedir. Gənclər evi yüksək keyfiyyətlə inşa olunub, gənclər üçün hər cür şərait yaradılıb. Xeyli sayda müasir tipli iaşə obyektləri istifadəyə verilib. Rayonun müəyyən qədər işsizlik problemi var. Qəribədir ki, 400-500 manatlıq aylıq maaşla işləmək istəyən yoxdur. Hamı Vergilər Nazirliyində, Gömrük Komitəsində işləmək istəyir. Dövlət işsizlik faizinin azaldılması üçün mühüm addımlar atır, yeni iş yerləri açılır. Bu problemlər də aradan qaldırılacaq.
- Növbəti parlament seçkilərində iştirak edəcəksinizmi?
- Mən 4 dəfə Milli Məclisin deputatı seçilmişəm. Düşünəcəyəm... İstəyirəm, elm sahəsində fəaliyyətimi davam etdirim. Bilsəm ki, həmin qəsəbələrə can yandıran, bacarıqlı gənc kadr namizəd olacaq, ona dəstək verərəm. Həmin şəxs bilməlidir ki, deputat olmaq əli cibində, xidməti maşında gəzmək, obyekt sahibi olmaq demək deyil.
- İddialar var ki, növbəti parlament seçkilərində gənc namizədlərə daha çox üstünlük veriləcək...
- Hər zaman gənc kadrların irəli çəkilməsinin, yüksək vəzifələrə təyin olunmasının tərəfdarı olmuşam. Parlament elə bir yerdir ki, bura həddən artıq gəncləri cəlb etmək olmaz. Həyat təcrübəsi, geniş dünyagörüşü olan şəxslər üstünlük təşkil etməlidirlər. Gənclər bəzi hallarda eyforiyaya qapılırlar, düzgün yol seçməkdə çətinlik çəkirlərlər. Sabiq deputat Hüseyn Abdullayevi misal çəkim. O da gənc idi, lakin özünü idarə edə bilmirdi. İclaslarda məndən qabaqkı sırada otururdu, dəfələrlə onu sakitləşdirirdim. Bir dəfə də parlamentdə dava saldı, həbs olundu, Prezident əfv etdi, sonra yenə həbs olundu. Deputat olmaq üçün əsas meyar yaşlı, yaxud gənc olmaq deyil, iş bacarmaqdır. Maştağa boyda qəsəbənin xəstəxanasında cəmi bir ultrasəs müayinə aparatı var idi, tələbatı ödəmirdi. İkinci aparatı aldım, xahişimlə səhiyyə naziri Oqtay Şirəliyev ştat verdi, yeni şöbə yaradıldı. Başqa bir misal çəkim, nikahın qeydə alınması üçün idarə Sabunçuda yerləşdiyindən qəsəbələrdə ailə quran gənclər ora getməyə çətinlik çəkir, kəbinlə ailə qurmağa üstünlük verirdilər. Müəyyən səbəblərdən ailə dağılanda mübahisələri məhkəməyə çıxara bilmirdilər.
Maştağa qəsəbəsində özümə məxsus binanı bu məqsədlə həmin idarəyə verdim, açılışında ədliyyə naziri Fikrət Məmmədov da iştirak edirdi. Bunları sakinlərin əziyyət çəkməməsi üçün etmişəm. Digər problemləri də həll etmişəm. Yüksək səviyyədə həlli tələb olunan hansı problemlə bağlı Prezidentə müraciət etmişəmsə, hamısı həllini tapıb. 2015-ci ildə Nardaranda baş verən hadisələrlə bağlı orada sakinlərlə görüşdüm, barikkadaları yığışdırtdırdım. Yəni deməyim odur ki, bu yerlərdə ağsaqqal sözü eşidilir.
- Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanır. Bu qanunun əhəmiyyəti nədən ibarətdir?
- “Sığorta haqqında” qanun var, amma bəhs etdiyimiz qanun konkret sahəni əhatə edəcək. İnkişaf etmiş ölkələrin hamısında sığorta sistemi tətbiq olunur. Əkin sahələrini su basarsa, yanğın baş verərsə, bu qanundan yararlanmaq mümkün olacaq. Qanun layihəsi yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.
- Rəhbərlik etdiyiniz Azərbaycan Mərkəzi Koorperativlər İttifaqı (“Azərittifaq”) müasir dövrə uyğunlaşırmı?
- “Azərittifaq” sovet dövründə, demək olar, özəl sektor kimi fəaliyyət göstərib. Respublikanın bütün rayonlarında əhaliyə ticarət və iaşə xidmətini göstərirdi, kolxoz bazarları “Azərittifaq”ın nəzdində idi, tədarük sahələrimiz vardı, şəhərlərdə kənd təsərrüfatı məhsullarının satışını təşkil edirdik. Təkcə Azərbaycanda deyil, MDB-yə daxil olan dövlətlərin hamısında bu qurum fəaliyyət göstərir. Lakin hazırda fəaliyyət istiqaməti bir qədər fərqlidir. Bütün rayonlarda təşkilatımız var və onlar, əsasən, icarə qaydasında işləyir, koordinasiyanı isə biz edirik. Bizim onlara məhsul verməyimiz səmərəli deyil. Çünki həm biz, həm də yerli təşkilat xərcləri məhsula əlavə edərsə, satış qiymətləri baha olacaq. Hazırda bazarda rəqabət var, əsas prinsip keyfiyyətli və ucuz məhsul əldə etməkdir. Təhsil sahəsində isə Azərbaycan Kooperasiya Universiteti və kollektivi fəaliyyət göstərir.
- Necə düşünürsünüz, “Azərittifaq”a ehtiyac varmı?
- Təşkilatın fəaliyyətini davam etdirməsi vacibdir. Burada çoxsaylı payçılarımız işlə təmin olunub. Təklif olunarsa, indi də satış yarmarkalarının təşkilində iştirak edə bilərik. Satış yerlərimizi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov sökdürdüyünə görə özümüz satış yarmarkası təşkil edə bilmirik. Digər sahələrdə isə fəaliyyətimizi davam etdiririk.