«Yəqin bilirsiniz ki, bizim qonşuluğumuzda sanksiyalardan yayınma kimi qanunsuz fəaliyyətlə məşğul olanlar var. Belə məlumatlar mövcuddur. Həmin ölkənin ingilis dilində adı da “A” ilə başlayır, lakin bu Azərbaycan deyil. Bu, sirr deyil, bütün rəqəmlər bəllidir. Biz gözləyirik ki, onlara bu əməllərinə görə sanksiyalar tətbiq olunsun. Yaxud ümumiyyətlə, buna görə onlara sanksiya tətbiq ediləcəkmi? Müxtəlif dövlətlərin nüfuzlu rəsmi nümayəndələrinin dediklərinə nəzər salsanız anlayarsınız ki, bu çirkli bizneslə kim məşğul olur”.
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı “ODDO BHF” maliyyə qrupunun baş regional meneceri Yevgeni Epifanovun müraciətinə cavab olaraq deyib.
Sözügedən iş adamı prezidentə müraciətində bildirib ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycan kimi ölkələrə yeni imkanlar açıb. «Biz artıq Azərbaycanda təmsil olunur, Azərbaycan Beynəlxalq Bankı və “Paşa Bank” ilə əməkdaşlıq edirik. Biz böyük layihələri dəstəkləməyə hazırıq. Biz İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Almaniyanın ixrac agentlikləri arasında əməkdaşlığını təşviq etməyə hazırıq. Bizim ötən ilin oktyabrında Mərkəzi Bankın sədri Taleh Kazımovla da səmərəli görüşümüz oldu»-deyə Epifanov bildirib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində ətrafdakı bəzi ölkələr «sanksiya biznesi», yəni Rusiyaya sanksiyalardan yayınmağa imkan verən paralel idxalla məşğul olmağa başlayıb.
İş adamının prezidentə Rusiya-Ukrayna müharibəsi Azərbaycan kimi ölkələrə yeni imkanlar açmasını deməsi də buna işarə idi.
Amma dövlət başçısı deyib ki, Azərbaycan bu işlə məşğul deyil: «Bu prosesin ilk günlərindən mənim bununla bağlı təlimatım aydın olub - paralel idxala və sanksiyalardan yayınma üçün hər hansı fürsətə imkan verilməsin.
Biz qanuna tabe ölkə və xalqıq. Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq.
Siz qeyd etdiniz ki, Azərbaycanda müəyyən vaxt keçirmisiniz. Ümid edirəm ki, həmin dövrdən zövq almısınız».