Yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 26,6% artıb. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə xarici ticarət dövriyyəsi 20 milyard 291 milyon 683 min dollar təşkil edib. Ötən illə müqayisədə bu məbləğ 4,26 milyard dollar artıqdır.
Bu ilin ilk 11 ayında ölkədən 3 094 adda 12,5 milyard dollarlıq mal ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədən ixrac 4 milyard 186 milyon dollar və ya 50,3% yüksəlib.
İxracdakı artımın 1,425 milyard dolları dövlət sektorunun, 2,827 milyard dolları özəl sektorun, 66,6 milyon dolları fiziki şəxslərin payına düşüb.
Bu dövrdə ölkəyə 7 339 adda 7,79 milyard dollarlıq mal idxal edilib. Ötən ilin eyni dövrünə nisbətən idxalın həcmi cəmi 75 milyon dollar və ya 1%-dən də az aşağı düşüb.