Rusiya, işsizliyin qarşısını almaq və həyat keyfiyyətini artırmaq üçün pilləli olaraq həftədə 4 gün iş sisteminə keçməyə hazırlaşır.
FED.az xəbər verir ki, Rusiyada iqtidardakı Birləşmiş Rusiya Partiyasının da dəstəklədiyi təklif həftədə 5 gün yerinə 4 gün işləməyi nəzərdə tutur.
Birləşmiş Rusiya Partiyasının millət vəkili Andrey İsayev, iş günü sayının azaldılması sayəsində Rusiya vətəndaşlarının maaşları azalmadan ailələrinə və hobbilərinə daha çox vaxt ayıra biləcəyini söyləyib.
Ötən ilin iyun ayında keçirilmiş sorğu, Rusiya xalqının 43%-nin həftədə 4 gün iş sisteminə qarşı olduğunu və belə bir vəziyyətdə maaşlarının azala biləcəyi narahatlığı olduğunu ortaya qoymuşdu.
Lakin rusların narahatlıqlarının əksinə İsayev, həftədə 4 gün iş sistemində işləyənlərin mövcud maaşlarının qorunması lazım olduğunu vurğulayıb.
Həftədə 4 gün iş sistemi tətbiqinin pilləli olması lazım olduğuna diqqət çəkən İsayev, bu sayədə işə götürənlərin və işçilərin yeni sistemə uyğunlaşcağını qeyd edib.
Həftədə 4 gün iş sistemi sayəsində ölkədə işsizliyin də azaldılması hədəflənir.
Həftədə 4 gün iş sistemi qanun layihəsi ilə əlaqədar işlərin gələn ay başlaması planlaşdırılır.
Həftədə 4 gün iş sistemi daha əvvəl Rusiyanın Baş naziri Dmitri Medvedev tərəfindən də gündəmə gətirilmiş və təklif ölkənin ən böyük peşə qrupu olan Müstəqil Peşələr Federasiyası tərəfindən dəstəklənilmişdi.