İlk öncə qeyd etmək istəyirəm ki, hər hansısa bir sahədə biznes qurmaq, öz işimin olmasını çox istəmişəm. Amma elə istək olaraq da qalıb. Ağlıma çoxlu sayda ideyalar zamanla gəlib-gedirdi. Bəzən bu ideyalarımı yoldaşlarımla müzakirə edir və daha da təkmilləşdirməli olurdum. Bu ideyaların miqyası məhdud olurdu.
Bəzilərini isə elə düşündüyüm gün ləğv edirdim. Çünki əsas olaraq bu illər ərzində özümü təkmilləşdirmək üçün daha çox zaman sərf etməli olurdum. Gələcəkdə universiteti bitirəndə bir çox gənclər kimi iş tapmaq problemi ilə qarşılaşmamaq üçün dil biliklərimi, komputer və təhsil aldığım sahədə savadımı artırmağa daha çox fokuslanmışdım və məncə elə düz addım atmışam.
Düşündüyüm ideyalara isə bir az özünəməxsusluq və kreativlik qatmaq hər zaman ön planda olub mənim üçün. Və hal-hazırda ağlımda olan bir ideyanı sizlərlə paylaşmaq üçün məncə yaxşı bir şans yaxalamışam və çalışacam bu şansı yaxşı dəyərləndirim. Biznes ideyamı təqdim edirəm:
Biznes ideyası
Paytaxtımızda pizza, kofe, müxtəlif və çoxlu sayda milli yemək, dönər və s. kimi qida məhsulları təklif edən yeməkxanalar mövcuddur. Və bir çoxlarının fəaliyyəti çox oxşardır. Mən də belə bir yeməkxana açmağı düşündüm. ”Amma insanlara nə satacam?” – bax bunu bir az fikirləşməli oldum. Dönər, pizza və s. yeməklərdən fərqli olaraq ağlıma yumurta gəldi. Bəli yumurta! Bunu seçməyimin səbəbləri var:
1. Yumurtanın hər bir növünü bişirməkdə məncə məndən yaxşısı yoxdur.
2. Məncə müştərilərin cibinə, xüsusən də gənclərin cibinə uyğundur.
3. Daha tez yeyilir və insanlara yeməkxanalarda vaxt itkisi yaşatmır. Həmçinin, yumurta təbii məhsuldur və bir çox mənşəyi bilinməyən ətlərdən hazırlanan dönər və s. bu kimi qidalardan daha faydalıdır. Müəssisənin adı da özünəməxsus olaraq “Yumurta” olacaq. Və məncə zamanla insanlarda böyük maraq doğura biləcək.
Yumurtanı hansı formada təqdim edək?
Yumurtanı bir çox çeşidlərdə müştərilərə təqdim edə bilərəm. Məsələn: Sadə, pendirli, pomidorlu, tomatlı, bibərli, istiotlu (qara), sarımsaqlı, zeytunlu, göyərtili, kolbasalı, xamalı, “qlazok”. Bunlar əsas menyu yeməklərimiz olacaq və müştərinin istəyindən asılı olaraq yeməkdə istifadə olunan yumurta sayı dəyişə bilər. Standart olaraq mən 1 nəfər üçün 1 yumurta təklif edirəm. Bir məqamı da qeyd edim ki, sadə yumurtadan başqa bütün növ yeməklərdə ən azı 2 yumurta istifadə olunur. Həmçinin, müştərinin istəyindən asılı olaraq bizim qarışıq yumurta çeşidimiz də olacaq. Yəni, yeməyin içərisinə yuxarıda adını çəkdiyim əlavələrin hamısı da (yarı hissəsinə) əlavə edilə bilər.
Yumurtaya əlavə edilən məhsullardan asılı olaraq və sayına görə yeməyin qiyməti dəyişir. Mən sadə qayğanaq və “qlazok” növlərində standart olaraq 70 qəpik (1 yumurta) üçün fikirləşmişəm. Maksimum halda isə bir nəfər üçün 10 yumurtalıq və istənilən çeşiddə məhsul təklif edirəm. Burda müştərinin zövqü əsas götürülür.
1 yumurtada müştəri əgər çörəkdən istifadə edəcəksə, mən ona 1 yumurta üçün maksimum iki dilim çörək təklif edirəm (yumurtanın qiymətində özüylə bərabər çörəyin və yağın qiyməti əks olunduğu üçün). Həmçinin, yumurtanın digər daha bahalı növlərini də hazırlaya bilərəm. Məsələn: Toyuğun döş əti ilə, sadə və ya müxtəlif çeşidlərdə yumurtalı qızardılmış çörəklər, kartoflu yumurta. Bütün bunlar da menyuya daxildir. Amma əsas menyuda sırf yumurtanın növləri yer almaqdadır. Yaxın məsafələrə sifarişlər də müəssisə tərəfindən pulsuz olaraq həyata keçirilə bilər.
Bu işdə mənə kömək edəcək insanları da seçmişəm
3 nəfərlikbir komanda quracam. Düzdü, bu fikri hələ onlarla bölüşməmişəm, amma gələcəkdə belə bir ideyamı reallaşdırsam, məncə, ən yaxşı kömək 2 dostum olacaq. Hər birimizin isə müəyyən bir işi olacaq.
1. Mənim işim – istənilən növ yumurta bişirmədə özümü mahir saydığım üçün yeməkləri tək bişirəcəm. Onların qablara çəkilməsi, müştərilərə təqdim edilməsi, müştərilərdən sifarişin qəbulu, müştərilərin rəylərinin qiymətləndirilməsi.
2. Böyük dostumun işi – Müştərilərin seçiminə kömək etmək, seçimini qeydə almaq, müştərilərdən ödənişi qəbul etmək, həmçinin müştərilərin sifarişləri barədə müntəzəm olaraq məni məlumatlandırmaq.
3. Digər dostumun işi – məkanın təmizliyinə cavabdeh olmaq, stulların səliqəyə salınması, müştərilərin qapıdaca qarşılanması, yaxın məsafələrə sifarişin çatdırılması.
Məkanda müştərilərə müəyyən qiymətlərlə pomidor-xiyar salatı, ketçup, mayonez, ədviyyatlar da təklif edəcəyik. Müştərinin istəyindən asılı olaraq qazlı sular, şirələr ( təbii, qazlı ) da təqdim edəcəyik. Məkanın aurasını da özünəməxsus olaraq bəzəmək kimi bir ideyam var. İnsanların üzündə gülüş oyadan rəsmlər olacaq divarlarda və divarlar rəngbərəng rənglənəcək, həmçinin stulların da divar və döşəmə ilə rəng vəhdətini unutmamışam.
Bu ideyanı az gəlirli də olsa, kreativ sayıram. İnsanların çoxunun evində dönər hazırlayan maşını yoxdur. Amma hər kəs ən azı 1 dəfə də olsa belə öz bişirdiyi yumurtanın dadına baxıb. Və belə bir ideyanı ona görə uğurlu sayıram ki, insanlar bizdən daha fərqli dadlar gözləyə bilərlər.
Evdə hazırladıqları yumurtanın müxtəlif dadlarda da ola biləcəkləri onlara maraqlı gələcək. Buna görə fikirləşirəm ki, müştərilərin marağına səbəb olan bir çox yeməkxanalar kimi bizim də məkanımız onlara maraqlı gələcək. Həmçinin hər həftəsonu bizim maraqlı bir müsabiqəmiz də olacaq: Belə ki, əl qabiliyyətinə güvənən insanlar bizə müraciət edəcək. Və biz təsadüfi olaraq seçdiyimiz şəxsə bizimlə birgə həmin gün müştərilər üçün yemək hazırlamağa ( Xüsusən də gənclər üçün maraqlı olacağına əminəm ) şərait yaradacağıq və həmin şəxs öz qabiliyyətini bizim məkanda həmin gün göstərə bilər.
Biznes ideyamı ümumiləşdirib həm mənfi, həm də müsbət cəhətlərini sizə bir daha çatdırmaq istəyirəm:
1. Müsbət cəhətlər
Mənim ideyamın əsas uğur səbəbləri:
– Mən həm orijinal, həm keyfiyyətli, həm də kreativ bir biznes qurmuşam
– Məhsula qoyduğum qiymət insanların cibinə uyğundur;
– Xidmət səviyyəmi daim təkmilləşdirirəm və məsuliyyətliyəm;
– Xüsusən gənclərin müəyyən hissəsi arasında böyük marağa səbəb olacam
– Əyləncəli yemək (xidmət) təklif edirəm;
– Qısa müddət ərzində hazırlanan və qısa müddət ərzində müştərinin yeyə biləcəyi bir məhsul təklif edirəm;
– Məhsul çeşidinin özünəməxsus və zəngin olması;
– Məkanın dizaynının və adının xoşagələn olması;
2. Mənfi cəhət kimi gördüyüm halları da qiymətləndirməyə çalışdım.
– İnsanlar tərəfindən nə qədər çox kreativ qarşılansaq da məncə, insanlar öz tələblərindən və digər qida növlərindən dolayı bizim məhsullara o qədər də hazır deyillər;
– Məhsulu, ideyamı qəbullandırmaq, insanlarda maraq oyatmaq bir az zaman alacaq;
– Çox da gəlirli olmayan bir ideya olması;
– Zamanla rəqiblərimin peyda olması;
– Digər qida məkanlarında anoloji xidmətin daha da təkmilləşməsi. Düşünürəm ki, menyuya əlavə edə və ya var olan bir xidməti təkmilləşdirə bilərlər – bu da mənim ziyanıma olan bir haldır, çünki mən bazarda yeniyəm və fəaliyyət prosesim yeni olsa da mövcud qida artıq insanlara çoxdan məlumdur və digər məkanların daimi müştərisi olan insanlar da çoxluq təşkil edir.
– Həmçinin mənim cəmi bir yerdə fəaliyyət göstərməyim əsas şərtdir, çünki yeməklər cəmi 1 nəfər tərəfindən hazırlanacaq. Əgər gələcəkdə bu ideyanın sayəsində daha böyük işlər görə bilsəm, bəlkə, bacarıqlı şəxsləri bu işə cəld edə bilərəm. Amma ilk vaxtlar gəlir bir az aşağı və əsas işçilərin sayı az olduğundan mən işə daha artıq şəxsi cəlb edə bilməyəcəyəm. İşçi sayının məhdud olmasını da mən ilk vaxtlarda (müddəti qeyri-müəyyən hesab edirəm) mənfi cəhətimiz kimi görürəm.
Mən öz ideyamdan, mənfi və müsbət cəhətlərindən, onun nəticələrindən danışdım. Amma mənim işimdə əsas yardımçı olan və xidməti orijinal hala gətirən tərəflər haqqında da demək istəyirəm. İlk növbədə yumurta kənd təsərrüfatı məhsulu olduğundan mənim işim ilk növbədə bu sahədə biznes qurmuş şəxslər üçün bir üstünlükdür.
Mən yumurtanı, həmçinin quş ətini quşçuluq müəssisələrindən aldığım üçün onlara 1 yumurta üçün ödəyəcəyim qiymət hər ikimizə sərf edəcək. Satışlarım artdıqca, yumurta və quş ətinə olan tələb də artacaq və bu da onların istehsalının artmasına səbəb ola bilər. Yəni mən həm özüm üçün, həm müştərilər, həm də xammal (yumurta) aldığım hüquqi və ya fiziki şəxslər üçün daha faydalıyam. Bunu da müsbət cəhət kimi əlavə etmək istəyirəm.