Cəmiyyət mövcud olduqca vergidən yayınma olacaq və bununla mübarizə aparılacaq. Lakin bizdə problem olduqda həmin problem ilə mübarizə aparılır. Problemi yaradan səbəblər aradan qaldırılmır. Calışacağam ki, vergidən yayınmanın səbəblərini çatdırım.
1-ci səbəb- Vergi orqanlarının davranışı:
Qəribə də olsa bizdə yayınmanı vergi orqanları oz hərəkətləri ilə təşviq edir. Yəni sahibkar inzibati orqanlarla, ən çox da vergi orqanı əməkdaşları ilə ünsiyyətdə olur. Bu ünsiyyət zamanı o nəticəyə gəlir ki, mən niyə də vergidən yayınmamalıyam? Mənim ödədiyim vergi ilə əmək haqqı alan müfəttiş mənə yuxarıdan baxır. Yuxarıdan baxmağı bir yana, ödədiyim vergiyə görə övladıma yüksək təhsil verilmir və səhiyyə xidməti göstərilmir. Hətta bunlar da bir yana, ödədiyim vergi savadı, bacarığı, hətta ədəbi məndən aşağı olan birisinin xidməti avtomobilinə xərclənir. Bəli, məhz xidməti avtomobilə.
Məsələn 2018-ci ildə Vergilər Nazirliyi ( www.fed.az/az/news/read/32313 ) LEXUS markalı xidməti avtomobil alıb. Bu məlumatdan sonra Ayna Sultanovanın heykəlinin yanında yerləşən vergi idarəsinin qarşısında səhv etmirəmsə 99AZ009 dövlət nömrə nişanı olan LEXUS GX-460 (qiyməti təqribən 100 min manatdır) markalı avtomobil peyda oldu. Yəqin ki, həmin İdarənin rəisinin xidməti maşınıdır. Bəli, sahibkar həmin maşını görəndə ödədiyi vergi məbləğini xatırlayıb dizini döyür ki, mənim ödədiyim pula bu maşın alınıb. Deməli mənim ödədiyim pullar təhsilə deyil, məhz LEXUS-a xərclənib. İndi bunu görən sahibkar vergimi ödəyər? Əsla!
Hörmətli Vergilər Nazirliyinin rəhbərliyi, mütləqdirmi ki, rəisin maşını LEXUS olmalıdır? Mütləqdirmi ki, büdcənin pulu belə israf olunmalıdır? Əgər belədirsə onda sahibkarları qınamayın. Özünüzə çəki-düzən verin!
2-ci səbəb-Təməl prinsiplər gözlənilmir:
Hər bir cəmiyyətdə sahibkar diqqət mərkəsindədir. Vahid Ələkbərov həmyerlimizdir, fəxrimizdir, aid olduğu cəmiyyətin diqqət mərkəzidədir. Həm milyarder olduğu üçün, həm də boyük bir şirkətin sahibi olduğu üçün. Qısası sahibkar olduğu üçün. Əli Ağaoğlu türk cəmiyyətinin diqqətindədir. Nə qədər əylənməyi xoşlasada, sonunda sahibkardır və cəmiyyətin nəzəri üzərindədir. Yoxdurmu Azərcaycanda cəmiyyətin diqqətində olan milyoncu? Əlbəttə var. Amma onlar sahibkar deyil. Məclislərdə süfrənin başında oturan onlardır, həmin məclisə layiq olmasalarda böyük diqqət və qayğı görürlər. Ya məmurdurlar, ya da hansısa məmurun himayəsində. Bizdə universitet tələbəsi də sahibhar olmaq istəmir. Hansı tələbədən soruşulsa universiteti bitirib məmur olmaq istəyir. Çünki zəngin olmanın tək çarəsini bunda görürlər. Amma digər cəmiyyətlərdə tam fərqlidir. Türk cəmiyyətində əsasən məmurlar qadınlardır. 2003-cü ildə Türkiyədə Maliyyə Nazirliyində ixtisasartırma kursunda olduğum zaman şahidi olmuşam. Eyni zamanda həmin cəmiyyətdə kim daha çox vergi ödəyibsə qürurlanır. Xüsusən şou əhli. Bir-biri ilə ödədikləri vergi məbləğinə görə bəhsə girir, o şəxsləri də media cəmiyyətə tanıdır. Bizdə sahibkar həkim üçün də, polis üçün də, yanğınsöndürən üçündə qazanc mənbəyidir, müştəridir. Bir sözlə hamı üçün pul dağarçığıdır. İndi siz düşünün, belə cəmiyyətdə kim ödədiyi vergi məbləği ilə qürurlanar. Şou əhli həmin sahibkardan daha məşhurdur və daha çox tanınır. Şou əhli dedim, onların ödədiyi vergilər yadıma düşdü. Bir neçə vaxt bundan öncə Azərcaycanın şou əhlinin büdcəyə borclu olduqları barədə məlumat verildi. Eyni zamanda mediada şou əhlinin toy qiymətləri barədə məlumatlar yer alır. 4000 manatdan başlayaraq 15000, 20000 və daha cox məbləğdə maksimum 5 saata gəlir əldə edirlər. Kiçik araşdırma apardıqda isə heyrətləndim. Sən demə bu qədər qazancın qarşılığında cəmi 2 müğənni ƏDV ödəyicisidir. Abbas Bağırov və Elton Hüseynəliyev. Hətta eləsi var ki, heç vergi uçotunda deyil. Səbəb hər nədirsə anormaldır.
Qısası, sahibkar məmur üçün müştəri (pul dağarcığı), süni yaradılmış problem işində itib batan 5-cı-6-cı növ insan olmamalıdır.
Sahibkar cəmiyyətin, dövlətin diqqət və qayğısında olmalıdır.
(Ardı var)
Vəli Əliyev, vergi məsələləri üzrə konsultant
Sahibkar niyə vergi ödəmək istəmir ?! – SƏBƏBLƏR
10:56
8 Avq 2018