Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əldə edib, AccessBank-ın əvvəlki səhmdarları isə Bank Respublikanın yeni emissiya edilmiş imtiyazlı səhmlərini əldə edərək Bankın səhmdarları sırasına daxil olublar.
Əqdin başa çatması iki bankın maliyyə potensialını, peşəkar təcrübəsini və bir-birini tamamlayan biznes modellərini bir araya gətirərək onların inkişafında mühüm mərhələ olub. Növbəti mərhələdə hüquqi və əməliyyat baxımından birləşmə nəticəsində Bank Respublika brendi altında Azərbaycanın ən böyük banklarından biri formalaşacaq.
Birləşmə başa çatanadək hər iki bank mövcud brendləri altında fəaliyyətini davam etdirərək müştərilərə fasiləsiz xidmət göstərilməsini, müştərilər və tərəfdaşlar qarşısında bütün öhdəliklərin yerinə yetirilməsini təmin edəcək.
Birləşməyə hazırlıq çərçivəsində AccessBank-ın İdarə Heyətinə Tariyel İsmayılov rəhbərlik edəcək və o, daha sonra birləşmiş bankın İdarə Heyətinin sədri olacaq. Bank Respublikanın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası İdarə Heyəti sədrinin müavini Aslan Abbasova həvalə olunub.
Birləşmə bankın maliyyə mövqelərini möhkəmləndirməyə, biznesin maliyyələşdirilməsi imkanlarını genişləndirməyə, əməliyyat səmərəliliyini artırmağa, rəqəmsal xidmət kanallarının inkişafını sürətləndirməyə və bank xidmətlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Əqdin başa çatmasını şərh edən Bank Respublikanın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib:
“Bu irimiqyaslı əqdin uğurla başa çatması Azərbaycanda əlverişli investisiya mühitinin, bank sektorunun dayanıqlılığının və beynəlxalq investorların onun perspektivlərinə etimadının göstəricisidir. Biz əminik ki, iki bankın potensialının birləşdirilməsi ölkənin maliyyə bazarının gələcək inkişafında mühüm addım olacaq.
Azərbaycan Mərkəzi Bankına, hər iki bankın səhmdarlarına, müştərilərimizə, tərəfdaş banklara, beynəlxalq maliyyə institutlarına və əqdin bütün iştirakçılarına proses boyunca göstərdikləri etimada, konstruktiv əməkdaşlığa və dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk”.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144















