3 milyon manatdan çox mənimsəmədə ittiham olunan “Azenco” şirkətinin İdarə Heyətinin, sonradan isə Müşahidə Şurasının sədri Vüqar Əliyevin məhkəmə araşdırması gərgin tonda davam edir.
Vüqar Əliyevin işində qərar dəyişdi - Pərviz Hacıyev də dindiriləcək
FED.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda “Azenco”nun İdarə Heyətinin hazırkı sədri Pərviz Hacıyev ifadə verib.
Cinayət baş verən dövrdə Pərviz Hacıyev “Azenco”nun İdarə heyətinin, Vüqar Əliyev isə Müşahidə şurasının sədri işləyib.
Şahid qismində dindirilən Hacıyevi əvvəlcə prokuror Valeh Ələkbərov sorğu-sual edib. Prokuror şahiddən ilk olaraq hazırda mühakimə edilən sələfinin hansı səlahiyyətlərinin olduğunu soruşub.
Pərviz Hacıyevin sözlərinə görə, bütün şirkəti Vüqar Əliyev idarə edib. Maliyyə məsələlərinə də birbaşa o cavabdeh olduğu üçün bütün ödənişlər onun göstərişi ilə həyata keçirilib.
Prokuror Ələkbərovun “Elə olubmu siz Vüqar Əliyevə demisiniz ki, bu qərarınız şirkətə ziyandır, amma o, öz bildiyini edib?” - sualına şahid “Bəli, olub” - deyə, cavab verib.
Bu iş üzrə əsas məsələlərdən biri keçirilən tenderlərlə bağlıdır. İndiki İdarə Heyəti sədri deyir ki, Vüqar Əliyevin dövründəki tenderlər uğursuz olub, şirkət heç bir xeyir görməyib.
Təqsirləndirilən şəxs isə bunun tam əksini bildirir. Vüqar Əliyevin dediyinə görə onun tenderlərin keçirilməsi ilə bağlı heç bir səlahiyyəti olmayıb. Şirkətdə toplantı olub, tender qiymətlərini də elə Pərviz Hacıyev özü təqdim edib.
Bu yerdə prokuror Vüqar Əliyevdən tenderlə bağlı Özbəkistana niyə getdiyini soruşub. “Bu suala Etibar Pirverdiyevlə birgə cavab verməliyik” - deyə, Əliyev cavab verib.
Prosesin davamında Pərviz Hacıyev təqsirləndirilən şəxsin və vəkilləri Nurlan Məmmədovla Elşən Əliyevin suallarını cavablandırıb.
İş materiallarında mənimsəmə kimi göstərilən epizodlardan biri gül mağazasından bir gündə 15 min manatlıq gül alınması ilə bağlıdır. Başqa bir epizodda isə yazılıb ki, şirkət vəsaiti hesabına 44 min 900 min manatlıq içki alınıb.
Vəkillər Hacıyevlə məhz bu məqamlarla bağlı sual verib, ondan Vüqar Əliyevə kənar xərclərlə bağlı xəbərdarlıq edib-etmədiyini soruşub: “Vüqarın elə bir səlahiyyəti var idi ki, ona heç kim xəbərdarlıq edə bilməzdi. Hədiyyə məsələlərinə gəldikdə isə deyirdi, tutaq ki, energetika günüdür, gül və ya içki alınmalıdır”.
Vəkilin dediyinə görə, Vüqar Əliyev Pərviz Hacıyevə də hədiyyə “İphone” markalı telefon alıb. Həmin telefon da onun üzərinə mənimsəmə kimi yazılıb. “O biri hədiyyələri niyə saymırsız, bir dənə mənə alınan “İphone”u gördünüz?!” - deyə şahid Hacıyev telefon məsələsinə reaksiya verib.
Vəkil “Etibar Pirverdiyevi tanıyırsınızmı, onun vəzifəsi nədir?” sualını verəndən sonra zalda mübahisə yaranıb. Əvvəlcə prokuror suala etiraz edib.
Pərviz Hacıyev də Pirverdiyevin məsələyə aidiyyətinin olmadığını, onun şirkətdə sadəcə məsləhətçi işlədiyini deyib. Vüqar Əliyevin vəkili isə şahidin yalan danışdığını əlavə edib: “Etibar Pirverdiyev aylıq 55 min manat maaş alır? Məsləhətçiyə bu qədər pul verirlər?”
Vüqar Əliyev özü də şahiddən düz danışmasını xahiş edib. O, Etibar Pirverdiyevə öz aralarında şef dediklərini, bütün məsələrə nəzarət etdiyini, Özbəkistan səfərinə də onunla birgə getdiyini bildirib.
Prosesin sonunda vəkillər təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıblar. Vüqar Əliyev vəsatəti özü əsaslandırıb. O, 5 azyaşlı uşağının olduğunu və hazırda atasının da əməliyyat keçirdiyini deyib. İstintaqın gedişinə heç bir təsir imkanı olmadığı üçün həbsdən azad edilməsini xahiş edib.
Əsas hakim Neymət Məmmədov vəsatətdəki əsasların əvvəlkilər kimi eyni xarakterli olduğunu bildirib. Həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığından vəsatət təmin edilməyib.
Növbəti proses noyabrın 16-sı keçiriləcək.
Qeyd edək ki, “Azenco” şirkətinin “Azərenerji”nin keçmiş rəhbəri Etibar Piriverdiyevə bağlı olduğu bildirilir. Vüqar Əliyev 2022-2023-cü illərdə şirkətin İdarə Heyətinin sədri, sonradan isə Müşahidə Şurasının sədri işləyib. O, 1 il əvvəl daxil olmuş şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.













