"“Payım” kolbasa və sosiskalarının istehsalında istifadə olunan mal və toyuq ətləri, kəsimi “halal” aparıb aparmadığı məlum olmayan fiziki şəxslərdən alınır"
“Halal” Məhsulların Sertifikatlaşdırılması Orqanı “AzeSERT HALAL” MMC, “Payım” kolbasa və sosiskalarının istehsalçısı “Al-Sana” MMC şirkətinə verdiyi “Uyğunluq Sertifikat”larının ləğv edilməsinin səbəbini açıqlayıb. Qeyd edək ki, Orqan halal qida istifadəçilərinin nəzərinə çatdırır ki, “Payım” kolbasa və sosiskaları “halal” deyil.
FED.az xəbər verir ki, “AzeSERT HALAL” MMC-nin direktoru Elşad Əliyev “Marja”ya açıqlamasında bildirdi ki, qaydalara uyğun olaraq “Al-Sana” MMC-də dövrü inspeksiya nəzarəti tədbiri aparılıb:
Eləcə də bax: “Payım” kolbasa və sosiskalarının - “HALAL” SERTİFİKATI LƏĞV EDİLİB? - AÇIQLAMA
“İnspeksiya nəzarəti tədbiri zamanı auditorlarımız “Al-Sana” MMC-nin təchizatçılarını dəyişdiyini aşkar etdilər. Belə ki, ət, qida əlavələri, ədviyyatlar və qablaşdırma materialları halal qaynaqlardan alınmalı olduğu halda, müxtəlif fiziki şəxslərdən əldə edilir. Məsələn, həm mal, həm də toyuq əti rayonlardakı ayrı-ayrı fiziki şəxslərdən alınır. Həmin fiziki şəxslər halal qaynaqlar hesab edilmir. 2017-ci ildə tərəfimizdən sertifikat təqdim edilən zaman “Al-Sana” MMC xammal və materialları halal qaynaq kimi qəbul edilən müəssisələrdən alırdı. Bu il dövri inspeksiya nəzarətilə təchizatçıların dəyişdirildiyini aşkar etmişik. Standartın tələbləri pozulduğundan ilk öncə 26 Avqust 2019-cu il tarixli qərarmız ilə “Halal” sertifikatların qüvvəsi dayandırılıb. Həmçinin tərəfimizdən nöqsanların aradan qaldırılması üçün “Al-Sana” MMC-yə yazılı göstəriş verilmişdir. “Al-Sana” MMC yazılı göstəriş və tövsiyyələrimizə məhəl qoymadığından 27 Sentyabr 2019-cu il tarixində “Uyğunluq Sertifikat”larının ləğv edilməsi və “HALAL” Əmtəə Nişanından istifadənin qadağası barədə qərar qəbul etmişik. Nazirlər Kabinetinin qaydalarına uyğun olaraq bu barədə ictimaiyyəti məlumatlandırırıq”.
Xəbər verdiyimiz kimi, “Payım” kolbasa və sosiskalarının istehsalçısı “Al-Sana” MMC tərəfindən AZS 731-1-2015 saylı HALAL QİDA Dövlət Standartının 5.2., 5.3.b), 5.9. və 5.11. maddələrinin kobud şəkildə pozulduğu aşkar edilib.
“AzeSERT HALAL” “Halal” Məhsulların Sertifikatlaşdırılması Orqanından “Marja”ya bildirilib ki, şirkətin istehsal etdiyi “Payım” Əmtəə Nişanlı kolbasa və sosiskaların HALAL QİDA Standartına uyğun olmadığı üçün həmin məhsullara verilmiş AZ031.14.01.07848.17, AZ031.14.01.07849.17, AZ031.14.01.078450.17, AZ031.14.01.07851.17 saylı, 28 dekabr 2017-ci il tarixli “Uyğunluq Sertifikat”-ları ləğv edilmişdir.
“HALAL” Əmtəə Nişanından “Al-Sana” MMC tərəfindən istehsal olunan “Payım” Əmtəə Nişanlı kolbasa və sosiskaların üzərində və digər reklam xarakterli məlumatlarda istifadəsi qadağan edilmişdir.
Məlumat üçün bildirək ki, HALAL QİDA Dövlət Standartının 5.2., 5.3.b), 5.9. və 5.11. maddələri müvafiq olaraq kəsim qaydaları, qoruyucu qida əlavələri, qida gücləndiriciləri və qida qatqı maddələri üzrə tələbləri müəyyən edir.