“Bloomberg” agentliyinin verdiyi məlumata görə, İspaniya hökuməti dördgünlük iş həftəsinə keçid tarixindəki ən iddialı təcrübələrdən birini həyata keçirmək niyyətindədir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Forbes.ru” bildirir.
Belə ki, tezlikdə hökumət üçillik pilot layihədə iştirak etməyə hazır olan şirkətləri seçməyə başlayacaq və bunun üçün 50 milyon avro ayıracaq.
Qeyd edək ki, təşəbbüsün müəlliflərindən biri “Mas Pais” sol partiyasının rəhbəri İniqo Errehondur. O, bu payızda başlayacaq proqramda təxminən 200 işəgötürənin iştirak edəcəyini gözləyir.
“Səkkizsaatlıq iş gününü qazandığımızdan yüz il ötüb. Bu müddət ərzində daha çox istehsal etməyi və daha az saat işləməyi öyrəndik, ancaq texnologiyalar insanlara daha çox boş vaxt qazandırmadı”, – deyə siyasətçi söyləyib.
Errehon bu təcrübənin tədqiqatçılar üçün dəyərli məlumatlar verəcəyinə, həm də şirkətlərin və işçilərin 32 saatlıq iş həftəsindən faydalana biləcəyinə ümid edir. Onun sözlərinə görə, pandemiya İspaniyanın dörd günlük iş həftəsinə keçməyə hazır olduğunu və lazım gəldikdə, işəgötürənlərin iş prosesini təşkil etmək üçün daha çox çevikliyə hazır olduqlarını göstərib.
“Bloomberg”in daha əvvəl qeyd etdiyi kimi, dördgünlük iş həftəsinə keçidin bu gün İspaniya üçün prioritet olmadığını yazmışdır. “İş günlərinin sayı deyil, iş və şəxsi həyat arasındakı balans vacibdir. Buna istirahət günü sayəsində nail olmaq mümkün olmayacaq”, – deyə məşğulluq məsələləri üzrə dövlət katibi Hoakin Peres Rey vurğulayıb.