İşğaldan Azad edilmiş Kəlbəcər və Laçında yaxın vaxtlarda biznes obyektlərinin açılmasına başlanılır.
Yüzlərlə iş adamı Qarabağda işləmək istəyir – MÜRACİƏTLƏR BAŞLANIB
FED.az xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə işlər üzrə Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun növbəti iclasında bildirilib.
Videoformatda keçirilən iclasda İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə və Energetika, Kənd təsərrüfatı nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.
İclasda bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə (Kəlbəcər və Laçın rayonlarında) ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat mallar dükanları, aptek, bankomat, YDM və s. açılması məqsədilə müvafiq şirkətlərlə görüşlər keçirilib.
Razılaşdırılmış qrafik və marşrut üzrə qeyd olunan rayonlar üzrə cari ay ərzində sahibkarların ərazilərə səfəri nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 657 müraciət olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.