Azərbaycanda hazırda 2026-cı ilin dövlət büdcəsi zərfi çərçivəsində müzakirə olunan Vergi Məcəlləsinə dəyişkliklər layihəsi və vergi sahəsində gözlənilən yeniliklər biznes sektorunun da diqqət mərkəzindədir.
FED.az çoxsaylı yerli və türkiyəli iş adamlarını birləşdirən «MUSİAD Azərbaycan» ictimai birliyi təşkilatı hökumətə vergi güzəştləri ilə bağlı təkliflərlə müraciət edib. Təşkilatın təkliflərində ölkə biznesinin inkişafı üçün atılması vacib olan addımlar açıqlanır.
Təşkilatın açıqlamasında bildirilir ki, hazırkı dövrdə qlobal iqtisadi dəyişikliklər, enerji bazarlarında dalğalanmalar və tədarük zəncirlərindəki gərginliklər bütün ölkələrin iqtisadi siyasətinə təsir göstərir. Bu şəraitdə Azərbaycan iqtisadiyyatında sabitliyin qorunması və sahibkarlıq fəaliyyətinin dayanıqlılığı mühüm əhəmiyyət kəsb edir.
Son illərdə İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi islahatlar, şəffaf və rəqabətqabiliyyətli biznes mühitinin formalaşmasına, sahibkarların fəaliyyət imkanlarının genişlənməsinə xidmət edir.
“MÜSİAD Azərbaycan” ictimai birliyi bu siyasəti dəstəkləyərək qeyd edir ki, vergi güzəştlərinin mərhələli şəkildə tənzimlənməsi həm dövlət maliyyə sabitliyi, həm də sahibkarların adaptasiyası baxımından daha məqsədəuyğundur.
Birliyin fikrincə, bu prosesdə keçid dövrünün (müddətinin) müəyyənləşdirilməsi, strateji sahələrdə mövcud güzəştlərin tədricən dayandırılması, eyni zamanda istehsal yönümlü fəaliyyətlər üçün ƏDV dəstəyinin davam etdirilməsi, enerji tariflərində isə güzəştin tətbiqi iqtisadi sabitliyə müsbət təsir göstərə bilər.
MÜSİAD Azərbaycan ictimai birliyi hesab edir ki, hər zaman olduğu kimi bu gün də islahatların uğuru üçün dövlət qurumları və sahibkar birlikləri arasında davamlı dialoq faydalıdır.
«MÜSİAD Azərbaycan»ın İdarə Heyətinin sədri Rəşad Cabirli vurğulayıb ki: «Vergi siyasətində aparılan dəyişikliklər dövlətin iqtisadi islahat kursuna uyğun şəkildə həyata keçirilir. Əsas məqsəd fiskal sabitliklə yanaşı, sahibkarların fəaliyyət mühitinin sabit qalmasıdır. Biz inanırıq ki, bu proses əməkdaşlıq və qarşılıqlı anlayış şəraitində davam edəcək».













