Azərbaycanda 2015-ci ildə baş verən manatın 2 devalvasiyası bank və real sektorla yanaşı, əhalinin - ev təsərrüfatlarının büdcəsinə də böyük zərər vurub.
Eləcə də bax: «Devalvasiyanı gözləyirdik, pulları sığortalamışdıq» - ŞİRKƏT RƏHBƏRİ
FED.az xəbər verir ki, bu zərərin təsirləri özünü devalvasiyadan 2 il sonrayadək göstərib.
Eləcə də bax: Rusiya və Türkiyədə - DOLLAR BAHALAŞACAQ
İqtisadçı ekspert Rövşən Ağayev 2015-ci ildə baş verən devalvasiyalar və onların ev təsərrüfatına təsirini rəsmi statistik məlumatlar əsasında təhlil edib. R.Ağayev yazır:
Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur ki, milli valyutanın kəskin devalvasiyası ilə müşahidə olunan 2015-ci il iqtisadi böhranının sosial-iqtisadi nəticələri əhali üçün hətta 2017-ci ildə də davam edib.
Bunu necə görmək olur? Ev təsərrüfatlarının büdcəsində...
Ev təsərrüfatlarının da büdcəsi dövlət büdcəsi kimidir - xərcləri gəlirlərini üstələyəndə defisit yaranır (əksi olanda profisit).
Ev təsərrüfatlarının büdcəsinin defisit və ya profisitini milli hesablar sistemində harda görmək mümkündür? Sərəncamda qalan gəlirlərin istifadəsi hesabında "Qənaət" maddəsində.
Bu maddə nəyi göstərir? Ev təsərrüfatlarının sərəncamda qalan gəlirlərilə faktiki son istehlak xərcləri arasında fərqi.
Deməli, hələlik Statkomda açıq olan 3 illik statistikaya görə, 2015-2017-ci illərdə ev təsərrüfatlarının büdcəsində defisit (mənfi qənaət) olub - yəni cari il üzrə xərcləri gəlirlərini üstələyib. Belə ki, 2015-ci ildə 705 mln. manat, 2016-cı ildə 1.224 mlrd. manat, 2017-ci ildə 727.7 mln. manat defisit yaranıb.
Sual oluna bilər ki, bəs bu defisit necə qapanır?
Dövlət büdcəsi necə qapadığını bilirsiniz - hökumət borclanır, əmlakını satır (özəlləşdirir), əvvəlki illərdə büdcə ehtiyatı varsa, ona əl atır.
Eləcə də bax: "Morgan Stanley" dolların - UCUZLAŞACAĞINI PROQNOZ EDİR
Eyni qaydada ev təsərrüfatları davranır - qohum-tanış-qonşudan borclana, əvvəlki illərdə sandığa, yastıq altına və ya banka qoyduğu qənaətinə əl ata, əmlakını sata bilir. İndi təsəvvür edin, 3 ildə ev təsərrüfatların büdcəsində 3 mlrd. manata yaxın bir kəsir yaranıb. Bu ev təsərrüfatlarının yoxsullaşmasını, sərvətlərinin azalmasını təsdiq edən yeganə etibar edə biləcəyimiz faktdır.
Amma bunun əksi olarsa, yəni ev təsərrüfatlarının büdcəsində profisit (müsbət qənaət) yaranırsa, bu halda qənaət yığıma çevrilir - ya qeyri-maliyyə (daşınar və daşınmaz əmlak, qızıl-daş qaş və s.), ya da maliyyə (depozit, səhm və ya istiqraz alınması, investisiya fondlarına yartım) formasında. Bu hal isə insanların zənginləşdiyi, sərvətlərinin böyüdüyü şəraitdir.
Əminəm ki, elmi araşdırmanın tələbələrinə cavab verən metodologiya əsasında müstəqil tədqiqatlar aparılsa idi, əhalinin devalvasiyadan itkilərinin real miqyasının daha böyük olduğu üzə çıxardı.
Milli hesablar sisteminə görə, əhalilə yanaşı devalvasiyadan böyük itki alan instiusional vahid bank sektoru olub.
3 ilin nəticəsinə görə, digər 2 institusional vahid - dövlət idarəetməsi və biznes (qeyri-maliyyə korporasiyaları) ev təsərrüfatları və banklara nisbətən devalvasiyanı daha az itkilə başa vurublar».