Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin 1 avqust 2024-cü il tarixli 372 nömrəli Qərarına əsasən “Təbii inhisar subyektlərinin Siyahısı” – yeni siyahı təsdiq edilib, əvvəlki siyahı ləğv edilib.
FED.az xəbər verir ki, bu dəyişiklik nəticəsində ölkədə rəsmi olaraq təsdiqlənmiş təbii inhisarların sayı 141-dən 36-ya endirilib, yəni təqribən 4 dəfə azaldılıb.
Amma bu dəyişiklik hansısa sahələrin təbii inhisarçılıqdan azad edilməsi ilə bağlı deyil. Əksinə əvvəllər 12 sahə təbii inhisar sayılırdısa, indi bu sahələrin say 13-ə yüksəlib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin də açıqlamasına görə, dəyişiklik bu il iyulun 1-dən qüvvəyə minmiş Rəqabət Məcəlləsinin tələbləri ilə bağlıdır.
Nəticədə siyahıda təkmilləşdirmə işləri aparılıb və bəzi təkrarlayıcı təşkilatlar siyahıdan çıxarılıb.
Antiinhisa Xidməti bildirir ki, ləğv edilmiş, yəni əvvəlki Siyahıdakı təbii inhisarlar Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə qüvvədən düşən “Təbii inhisarlar haqqında” Qanuna əsasən müəyyən olunmuşdu:
“Ötən dövr ərzində bazar konyukturasında baş verən dəyişikliklər təbii inhisar fəaliyyət sahələrinin təkmilləşdirilməsini zəruri edib. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi hazırlanarkən təbii inhisar fəaliyyət sahələrinin əhatə dairəsi üzrə beynəlxalq təcrübə araşdırılıb və milli iqtisadiyyatımızın xüsusiyyətləri əsas götürülməklə təbii inhisar fəaliyyət sahələri ilə bağlı təkmilləşdirmələr aparılıb. Bu mənada, Qüvvədən düşən qanunda 12 sahə təbii inhisar fəaliyyət sahəsi hesab edilirdisə, Rəqabət Məcəlləsində bu sahələrin sayı 13 təşkil edir.
Qeyd edilib ki, təbii inhisar subyektlərinin sayının azalmasının əsası qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır:
“Belə ki, elektrik enerjisinin ötürülməsi, su təchizatı və meliorasiya xidmətləri sahəsində fəaliyyət göstərən qurumların adları yeni siyahıda saxlanılmış və onların strukturuna daxil olan və ya tabeliyində olan bölmələrin, o cümlədən regional və ya yerli bölmələrin adları siyahıdan çıxarılmışdır. Belə ki, təbii inhisar fəaliyyəti təbii inhisar subyekti tərəfindən vahid idarəetmə qaydasında həyata keçirildiyi halda, onun strukturunu təşkil edən bölmələrin qüvvədə olan Siyahıda ayrıca təbii inhisar subyekti kimi qeyd edilməsinə zərurət qalmayıb.
Eyni zamanda, Rəqabət Məcəlləsi ilə neft və (və ya) neft məhsullarının, təbii qazın boru vasitəsilə Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı fəaliyyəti, habelə su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma fəaliyyəti təbii inhisar fəaliyyəti sahəsi sayılmadığı üçün bu sahədə fəaliyyət göstərən qurumların adları da qüvvədə olan Siyahıdan çıxarılıb”.
“Qüvvədə olan Siyahıda yalnız azalmalar deyil, əlavələr də mövcuddur. Belə ki, qüvvədə olan Siyahıya magistral və ümumi əhəmiyyətli avtomobil yollarının, yol qurğu və tikililərinin saxlanması və istismarı üzrə müvafiq qurum və Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyət göstərən 13 təbii inhisar subyekti əlavə edilib.
Beləliklə, yuxarıda göstərilən səbəblər əsas götürülərək ləğv edilmiş Siyahı ilə müqayisədə qüvvədə olan Siyahıda təbii inhisar subyektlərinin sayında dəyişikliklər Rəqabət Məcəlləsinin tələbləri əsas götürülməklə bu sahədə təkmilləşdirilmə ilə bağlı olub”, – deyə məlumatda bildirilib.