Azərbaycanda vergiləri təkcə sahibkarlıqla məşğul olan şəxslər və şirkətlər deyil, adi vətəndaşlar da ödəməlidirlər. FED.az xəbər verir ki, ölkədə qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər Vergi Məcəlləsinin 99-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, qeyri-sahibkarlıq fəaliyyətindən alınan, ödəmə mənbəyində vergiyə cəlb olunmayan gəlir əldə edən və bu səbəbdən də vergi orqanında gəlir vergisinin ödəyicisi kimi uçota durmuş fiziki şəxs də vergi ödəməlidir. Həmin verginin məbləğinin hesablanması üsulları da məlumdur: hesabat ili ərzində əldə olunan gəlirlə bu gəlirlərin əldə olunmasına çəkilən və gəlirdən çıxıla bilən xərclərin fərqindən Vergi Məcəlləsinin 101.2-ci maddəsində göstərilən dərəcələrlə gəlir vergisi hesablamalıdır.
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, həmçinin, aşağıdakılar aiddir:
• faiz gəliri;
• dividend;
• əmlakın icarəyə verilməsindən gəlir;
• royalti;
• vergi ödəyicisinə bağışlanmış borcun məbləği (VM-in 98.2.4 maddəsinə əsasən, işçinin işəgötürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği istisna olunmaqla);
• sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməyən aktivlərin təqdim olunmasından gəlir;
• təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (VM-in 98.2.2-ci maddəsinə əsasən, işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda, bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri istisna olunmaqla);
• vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (əməkhaqqından başqa);
• həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.
Onu da qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin həm də qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı da gəliri ola bilər.
Məsələn, sahibkar fiziki şəxs həm istehsalat sahəsində məhsul istehsal edib sata, həm də obyektini icarəyə verə bilər.
Fiziki şəxs tərəfindən əmlakın icarəyə verilməsindən və royaltidən əldə olunan, lakin ödəmə mənbəyində vergiyə cəlb edilməyən gəlirdən vergi hər hansı xərc nəzərə alınmadan gəlirin ümumi məbləğindən hesablanır.
Bu verginin məbləği «Gəlir vergisinin bəyannaməsi» ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir.