“Azərbaycanda hazır biznesini satanlar, gəlir əldə etməkdən daha çox bu işdən uzaqlaşmaq məqsədi güdürlər”.
Eləcə də bax: Kommersiya obyektləri bazarında vəziyyət - Qiymətlər və Sənədləşmə Problemləri
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu sözləri ölkədə hazır bizneslərin satışı barədə danışan daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert bildirib ki, bizdə daha çox qeyri-yaşayış obyektlərinin alışı dəbdədir:
“İnsanlar qeyri-yaşayış obyektinin alıb təyinatı üzrə icarəyə verirlər. Satılan qeyri-yaşayış obyektləri də alınarkən təyinatı üzrə bölünür. Hazır biznesin icarəyə verilmə səviyyəsi bizdə çox aşağıdır. Real bazar təcrübəsində bu proses olmasa da, müxtəlif böyük ticatət obyektlərində hazır bizneslərin satılması daha çox olur. Bu zaman vətəndaş bir profillə satış edirsə və müəyyən vaxtdan sonra o sahədən uzaqlaşmq istəyirsə, obyektə çəkdiyi xərci və içindəki əşyaları təqribi qiymətləndirir və biznesini o sahə ilə satış aparan insanlara satır. Yəni həmin biznes qazanc məqsədilə yox, daha çox bu işdən uzaqlaşmaq məqsədilə satılır. Azərbaycana hazır biznesin satılması anlayışı yeni gəlməyə başlayıb və hələ tam formalaşmayıb. Bir biznesin uzun müddət ayaqda qalması çox çətindir və bizdə uzun müddət ayaqda qalan bizneslərin əksəriyyəti artıq brendləşib. Brendləşdiyinə görə sahibi həmin biznesi satmaq marağında deyil.
Digər tərəfdən bizdə işçilərin rəsmi işə götürülməsi, icarə pulunun rəsmi göstərilməsi məsələsində problemlər olduğu üçün hazır biznesin qiymətləndiriıməsində də tam şəffaflıq olmur. Bu gün Azərbaycanda kirayə mənzil və qeyri-yaşayış obyektlərinin rəsmi müqaviləsi çox azdır. Bütün kirayə müqavilələri rəsmi formada aparılmalıdır və bu zaman kirayə qiyməti dəqiq göstərilməlidir. Bu gün əksər obyektlərin kirayə qiyməti müqavilədə dəyərindən xeyli aşağı qeyd olunur ki, vergidən yayınmaq mümkün olsun”.
E.Fərzəliyev bildirib ki, Avropada hazır bizneslərin satışı onları alan adamlara külli mqidarda gəlir gətirir:
“Xaricdə təcrübə tama fərqlidir. Avropa ölkələrində qeyri-yaşayış obyektlərinin özü çox satılmır, satılsa da çox baha olur. Orada daha çox biznes satılır. Avropada bu işləri daha çox riyeltor şirkətləri aparır. Onlar obyekt sahibindən obyekti icarəyə götürüb digər şəxslərə icarəyə verirlər. Götürən digər şəxs orda hansına bir biznes qursa, həmin biznesi sata bilir. Burda bütün proseslər rəsmi qaydada olur və rəsmi olduğu üçün həmin ticarət obyektinin gündəlik və aylıq satış dövriyyəsi kassa vasitəsilə hesablanır və biznesin gəlirliliyi müəyyən edilir. Bu prosesləri aparanlar hüquqşünas və mühasiblərdir. Mühasib uçotu apardıqdan sonra həmin obyekt qiymətləndirilir. Satış prosesi də notarial qaydada aparılır. Obyektərin satışı və kirayəsi zamanı da qiymət müqavilədə dəqiq göstərilir. Avropada insanlar özləri vergi ödənişlərini daha çox ödəməyə can atır ki, gələcəkdə həmin pul onlara geri dönsün. Avropada dövlətin özünün qiymətləndiriciləri var. Hansısa obyekt kirayə götürülür və ya satılırsa, həmin qiymətləndiricilər biznesin qiymətini real bazar qiyməti ilə tənzimləyirlər”.