Çinin xarici ticarətində mərkəz rolunu oynayan Quancou şəhərində ölkənin ən böyük ticarət sərgisi olan Çin idxal və ixrac sərgi-yarmarkanın (Kanton sərgisi) payız sessiyası işə başlayıb.
FED.az xəbər verir ki, 134-cü dəfə keçirilən Kanton sərgisində 28 mindən çox şirkətin 74 mindən çox köşkü fəaliyyət göstərəcək. Üç mərhələdə noyabrın 4-dək keçiriləcək sərgi-yarmarkanın ekspozisiya sahəsi 1,55 milyon kvadratmetrdir.
Sərgi-yarmarkanın ixrac bölümündə 27 min 883 yerli şirkət, idxal bölümündə isə təxminən 650 şirkət öz məhsullarını və xidmətləri təqdim edir. Azərbaycan şirkətləri də öz məhsullarını sərgi-yarmarkanın idxal bölümündə nümayiş etdirir. Sərgiyə qatılan xarici şirkətlərin 60 faizi “Bir kəmər, bir yol” təşəbbüsünün əhatə etdiyi ölkələrdəndir.
Təşkilat komitəsinin məlumatına əsasən, təxminən 200 ölkədən 100 mindən çox alıcı sərgidə iştirak üçün qeydiyyatdan keçib.
Qeyd edək ki, 1957-ci ildən bəri ildə iki dəfə keçirilən Kanton sərgisi Çinin xarici ticarətinin barometri sayılır. Sərgi ziyarətçilərin və iştirakçı şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə dünyada ən böyük ticarət sərgi-yarmarkalarından biridir. Sərgi Çinin Kommersiya Nazirliyinin və Quandon vilayəti hökumətinin birgə təşkilatçılığı ilə ildə iki dəfə - yazda və payızda təşkil olunur.